2 Fevral 2023 15:42
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mərceyi-təqlid” anlayışının əsas hədəfi və məqsədi İran şovnizminin, onların uydurduğu dini ideologiyanın təzahür formasıdır. Bu o deməkdir ki, kimsə dini inanclarında özünə təqlidçi seçir. Beləliklə də onun dediklərini və tapşırıqlarını icra edir. Burada sözsüz ki, dini, siyasi anlam da var.

Bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O hesab edir ki, bu cür anlayışlar İranın dini ideologiyasını yaymaq, təbliğ etmək və möhkəmləndirmək məqsədi ilə ortaya atılıb: “Bunun birbaşa və bilavasitə İslam dini ilə heç bir əlaqəsi yoxdur. İran öz ideologiyası üçün belə bir məsələ uydurub və formalaşdırıb. Siyasi məqsədləri həyata keçirmək, ideologiya və təlimləri yaymaq üçün də bu cür yanaşmalardan istifadə edilir. Əslində bunun mahiyyətinə diqqət yetirdikdə, onun heç bir güclü dini bir əsasının olmadığı məlum olur”.

Komitə üzvü deyib ki, İslamda dörd sünni, bir şiə məzhəbi var: “Bunun əsasında da formalaşmış dini ənənələr, təqlidlər mövcuddur. Sadəcə olaraq sonrakı dövrdə İran bundan öz məqsədləri üçün istifadə edərək bu istiqamətdəki təbliğatını daha da gücləndirməyə çalışır. İran bununla dini, siyasi, ideologiyasını, liderlərinin ayrı-ayrı müsəlman ölkələrində təbliğinə nail olmaq məqsədi güdür. Bu faktların biz bu gün Azərbaycanda və digər ölkələrdəki təsirlərini görürük. Sadəcə olaraq bu, fars və İran ideologiyasının güclənməsinə yönəlmiş bir təlimdir”.

Ceyhun Məmmədov bir çox dindarların barmaqlarına çoxlu sayda üzük taxması məsələsinə də aydınlıq gətirib: “Burada hansısa bir dini ideoloji, fəlsəfi baxışların olması mümkün deyil. İslam dini kişilərin üzük taxmasını qadağan etmir. Amma bu, özünü göstərmək, təbliğ etmək, digərlərindən fərqlənmək məqsədi ilə olmamalıdır. Təəssüf ki, biz bir çox hallarda dindarların barmaqlarında daha qabaritli üzüklərin olduğunu görürük. Barmağına 4-5 kobud, müxtəlif formalarda üzük taxmış dindarlara rast gəlirik. Sözsüz ki, buna qadağa olmasa da dinimiz bunun göstəriş məqsədilə edilməsini məqbul hesab etmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər