Bu gün Azərbaycan mediasında ayrı-ayrı şəbəkələrin və dövlətlərin agentura şəbəkəsinin olması ilə bağlı yetərincə əsaslı faktlar mövcuddur. Zaman-zaman ölkəmizin informasiya məkanında olan müəyyən məqamları təkcə İrana bağlı və yaxud İran tərəfindən maliyyələşən agentura şəbəkələri vasitəsi ilə hiss etmirik. Bunu müəyyən qədər Qərbdən, Rusiyadan da hiss etmişik.
Bunu Teleqraf.com-a Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, media üzrə ekspert Vüqar Zifəroğlu deyib.
O qeyd edib ki, burada vacib məqam müasir informasiyadan təbliğat və silah vasitəsi kimi istifadə edilməsi problemidir:
“Bu səbəbdən də XXI əsrdə jurnalistikada ən çox müzakirə predmeti olan məsələ məhz informasiya müharibəsi və informasiya ilə manipulyasiya problemidir. Bu gün üçün aktual olan "informasiya ekologiyası" problemi ətrafında ciddi nüzakirələr aparılır. Bütün bu problemlər isə əslində müasir dövrdə informasiya təhlükəsizliyini milli təhlükəsizliyinin vacib elementinə çevirir”.
Ekspert hesab edir ki, biz İranla bağlı məsələlərdə də bunun şahidi olduq:
“Burada iki istiqamətdə “iş” qurulur. İlk növbədə İran Azərbaycan türkcəsində olan, amma öz ölkəsində yaratdığı media quruluşları vasitəsi ilə bizim informasiya məkanımıza müdaxilə etməyə çalışır. Digər bir istiqamət Azərbaycanın öz içində yaratdığı, özünə uyğun müəyyən media alətləri, quruluşları - məsələn, Salamnews, İnter.az kimi - vasitəsi ilə təsir etməkdir. Bu yollarla informasiya məkanımıza müdaxilə etmək istəyirlər”.
Vüqar Zifəroğluna görə, qarşı tərəfin media vasitəsi ilə ölkəmizin informasiya məkanına nüfuz etməsində əsas məqsəd başqadır: “Bu, İranın özünə uyğun elektorat formalaşdırmaq, informasiya dövriyyəsini təşkil etmək, bununla təsir imkanlarını genişləndirmək və əks-siyasi, ideoloji təbliğat mexanizmini qurmaq məqsədinə xidmət edir. Sözsüz ki, burada yad təsir və təbliğat mexanizminin təsiri altına düşən beyinlər üçün isə milli dövlətçiliyin təməl prinsipləri anlayışı olmur. Bundan isə daha çox İran və Ermənistanın yararlandığını görürük. Bu iki dövlətin təməl prinsipləri anti-türk, anti-Azərbaycan mahiyyətində bütünləşib”.