6 Fevral 2023 12:26
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zaman-zaman zəlzələlər baş verir, dünən axşamkı zəlzələdə çoxsaylı insan həyatını itirməsi çox üzücüdür. Yaralılarımız var. Allahdan həyatlarını itirənlərə rəhmət, yaralılara şəfa diləyirik. Zəlzələ gecə baş verdiyi üçün itki sayı hələ tam dəqiq deyil.

Bunu Teleqraf.com-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, soyuqda belə bir zəlzələnin olması ölənlərin sayının artması ehtimallarını gücləndirir: “Türkiyədə baş verən hər üzücü bir hadisədə qardaş Azərbaycan bizim yanımızda olub. Azərbaycanın yanımızda olması bizə bəs edir. Biz bizə bəs edirik”.

Sabiq səfir deyib ki, həmin bölgə Türkiyədə zəlzələ ərazisi kimi tanınmır: “Bundan öncəki dönəmlərdə bu bölgədə belə zəlzələ qeydə alınmayıb. Bütün bunlara baxmayaraq Türkiyə böyük bir ölkədir. Bu ağrıların, acıların da öhdəsindən gəlinəcək. Azərbaycanımızın da bizim yanımızda olması təqdirəlayiqdir. Türkiyədə olmuş zəlzələ sanki Azərbyacanda baş vermiş kimi hiss edilir. Çünki biz hər zaman bir-birimizin yanındayıq”.


Müəllif: Tapdıq Qurbanlı