İran hakimiyyət orqanları Azərbaycan səfirliyinə qarşı edilən cinayət aktında, qanlı terrorda iştirakını dansa, bunu adi məişət mövzusuna endirmək istəsə də, ortada olan faktlar əksini sübut edir. Çünki Tehrandakı səfirliyimizə hücumla bağlı son görüntülər hadisələrin əsl mahiyətini nümayiş etdirdi. Məlum oldu ki, bu terror aktının törədilməsində İran xüsusi xidmət orqanlarının əli var. Onların təşkilatçılığı ilə bu cinayət hadisənin baş verdiyi açıq-aşkar ortadadır.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, bu faktı heç cür gizlətmək mümkün deyil: “İran rejimi əslində bu cür qanlı terror aktları ilə Azərbaycana təzyiq göstərməyə, bizi qorxutmağa çalışıb. Amma bu mümkün olan deyil. İran Vyana Konvensiyasına görə, səfirlik və diplomatik korpusların təhlükəsizliyini təşkil etmək, onların normal fəaliyyətini təmin etməklə bağlı üzərinə öhdəlik götürüb. Bu, İranın beynəlxalq hüquq qarşısında başlıca vəzifəsi idi”.
Komitə sədrinə görə, İran rejimi özünün son davranışları ilə bu ölkədə hələ də orta əsr qaydalarının, feodal prinsiplərinin hökm sürdüyünü nümayiş etdirdi:
“Belə bir təsəvvür yaranır ki, İran adlanan bu ölkədə ümumiyyətlə qayda-qanun yoxdur. Fakt odur ki, İranda istənilən ölkənin səfirliyi bu cür terror hücumuna məruz qala bilər. Yəni, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun heç birinin təhlükəsizliyinə təminat verilmir”.
Ziyafət Əsgərov bildirib ki, İran dövləti Azərbaycanın istintaq orqanlarına təhqiqat istintaq aparmağa imkan yaratmalıdır: “Çünki bu Azərbaycana qarşı edilmiş bir terror aktıdır. Azərbaycanın müvafiq orqanları bununla bağlı istintaqa başlayıb. Məqsəd də odur ki, bu cinayət işinin istintaqı birlikdə aparılsın. İran rejiminin buna nə dərəcədə şərait yaradacağı hələ sual altındadır. Fakt isə odur ki, bütün dünyanın gözü önündə polisin və digər təhlükəsizlik orqanlarının birlikdə həyata keçirdiyi bir terror akt var. İran polisinin terrorçuya qarşı adekvat addım atmaması və digər amillər burada diqqətdən yayına bilməz. Tehranın mərkəzində, günün, günorta çağı terrorçu əlində “Kalaşnikov” avtomatı ilə səfirlikdə qanlı cinayət törədir. İran polisi isə buna kənardan baxmaqla kifayətlənir. Ona görə də, bu məsələlərə tam aydınlıq gətirilməlidir”.