Azərbaycan Ermənistana sülh sazişi üzrə təkliflər göndərmişdi. Sülh sazişi daha genişdir, bu təklifdə isə söhbət sülh sazişinin mətni üzrə aparılacaq danışıqlardan gedir. Bundan öncə də Azərbaycan tərəfi 5 maddəlik baza prinsiplərini özündə ehtiva edən təklifləri Ermənistana göndərib. Bu təkliflər ötən ilin əvvəlindən Ermənistana təqdim olunmuşdu.
Bunu Teleqraf.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
O qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi hər zaman danışıqlara hazırdır: “Ölkəmiz danışıqların qısa müddət ərzində təşkilinə tərəfdardır və bu istiqamətdə çağırışlar edir. Azərbaycan tərəfi ümumiyyətlə sülh prosesi və Ermənistanla münasibətlərin qurulması, normallaşması istiqamətində təşəbbüslər irəli sürür”.
XİN sözçüsü deyib ki, Azərbaycanla Ermənistan arasında ötən il Cenevrə və Vaşinqtonda sırf sülh sazişinin mətni üzərində danışıqlar aparılıb: “Bu istiqamətdə üçüncü danışıqlar isə ötən ilin dekabrın 23-də Moskvada baş tutmalı idi. Amma Ermənistan üçüncü görüşü boykot edib. Bununla da danışıqlarda durğunluq yaranıb. Buna baxmayaraq Azərbaycan və Ermənistan tərəfindən təkliflər irəli sürülüb”.
Ayxan Hacızadəyə görə, Azərbaycan tərəfinin çağırışı ondan ibarətdir ki, qısa müddət ərzində danışıqlar prosesi başlamalıdır: “Danışıqlar prosesində Ermənistan iştirak etməlidir. Ermənistan tərəfi isə hələlik bu prosesə maneəçilik törədir və bununla bağlı öz razılığını bildirməyib”.
Qeyd edək ki, Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirdiklərini iddia etmişdi.