"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın sülh təklifləri ilə bağlı açıqlaması birmənalı qarşılanmadı. Ötən il sonuncu sülh müstəvisində danışıqlardan imtina edən erməni tərəfinin bu yanaşmalarını necə şərh etmək olar?
- İndiyə qədər Ermənistanla aparılmış bütün danışıqlar Azərbaycanın təklifləri əsasında baş tutub. Bunu Rusiya və ABŞ təsdiqləyib. Uzun müddətdir ki, Azərbaycan tərəfi digər vasitəçilərin iştirakı ilə baş tutan görüşlərdə də Ermənistana həmin təklifləri verib. Ermənistanın baş naziri Nikol Paşinyan ilk olaraq Azərbaycanın təkliflərinə razılıq vermişdi. Amma sonradan erməni tərəfi öz təkliflərini Azərbaycan tərəfinə təqdim etməklə bağlı çıxış etdi. Açıq şəkildə öz təkliflərini bildirdilər. Amma bunun fonunda Azərbaycanla Ermənistan arasında danışıqlar davam edirdi. Bu danışıqlar daha çox təkliflərin dəyərləndirilməsi, istiqamətləndirilməsi ilə bağlı idi. Faktiki olaraq Ermənistan Azərbaycanın sülh təkliflərini sözdə qəbul etsə də, əməldə, real işdə bunu icra etmək niyyətində olmadığı məlum oldu. Ona görə də, sülh müqaviləsinin imzalanması yubanır.
- Sizcə Ermənistan tərəfi vaxtı uzatmaqla prosesin gedişində nəyə ümid edir?
- Əslində Mirzoyan və Paşinyanın əsas niyyəti yaxın iki ildə vaxtı uzatmaqdan ibarət olub. Onlar Rusiya-Ukrayna cəbhəsində vəziyyətin dəyişəcəyini gözləyirlər. Ümid edirlər ki, bu prosesin gedişində onların xeyrinə hansısa müsbət bir irəliləyiş əldə olunacaq. Ona görə də, bölgə ilə bağlı kardinal qərarlar əldə etmək istəyindədirlər. İndiki halda Paşinyan düşünür ki, manevr imkanları əldə etsin. Eyni zamanda Paşinyan güman edir ki, Rusiya əgər Ukraynada məğlub olarsa, birbaşa olaraq artıq Azərbaycan və Rusiya ilə bağlı qəti qərar versin. Ona görə də, bu məqsədlərinə çatmaq üçün erməni tərəfi mümkün qədər vaxtı uzatmağa çalışır.
- Belə olan halda yaxın vaxtlarda sülhün əldə olunacağı ehtimalı azalır?
- Sözsüz, proseslərin gedişi onu göstərir ki, yaxın vaxtlarda sülhün əldə olunması mümkün deyil. Bu proses uzanacaq. Erməni tərəfi bütün bunların fonunda üzərinə götürdüyü öhdəliklərin, o cümlədən də Zəngəzur dəhlizinin açılmasında da maraqlı deyilsə, bu, məhz proqnozlaşdırılan siyasətin mahiyyəti ilə eynilik təşkil edir. Çünki erməni tərəfi delimitasiya və demarkasiya prosesinə, yəni ona sərf edən bir prosesə başlamayıbsa, burada İrəvanın hansı məqsədlər güddüyünü açıq şəkildə sezmək olur.
- Azərbaycan tərəfi Ermənistanın sülh ətrafında manipulyasiyasına nə vaxta qədər səbrlə yanaşacaq?
- Erməni tərəfinin nə deməsindən asılı olmayaraq fakt göz önündədir. Çünki Ermənistan tərəfi hələ də dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Son hadisələr də bunun göstəricisidir. Amma buna baxmayaraq erməni tərəfi və onların rəsmiləri də bilməlidir ki, 2023-cü il onlar üçün son tarixdir. Prezident İlham Əliyev də bununla bağlı Ermənistan tərəfinə açıq xəbərdarlıq edib. Ermənistanın vaxt uzatmaq üçün etdiyi hiylələr Azərbaycana məlumdur. Bununla da tam əminlik yaranır ki, Azərbaycan tərəfi olaraq biz bundan sonra daha iki il və 5 il Ermənistanın hansısa bir qərarını gözləyən deyilik.
- Sülh yoxdursa, müharibə riski qalır. Yeni müharibə təhlükəsini necə dəyərləndirirsiniz?
- Yeni müharibə riski hər zaman qalır. Müharibə riski ona görə var ki, Ermənistan sülh müqaviləsinə imza atmır. Digər tərəfdən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası aparılmayıb. Eyni zaman Ermənistan müxtəlif ölkələr tərəfindən təxribatlara təhrik edilir. Burada digər istiqamət Qarabağda qalmaqda olan separatçıların və Ermənistan ordusunun qalıqlarının hələ də ərazidən çıxarılmamasıdır. Bu isə mümkün eskalasiyanı hələ də qüvvədə saxlayır. Amma bütün bunlara baxmayaraq Azərbaycan Ordusu hər zaman yeni müharibəyə hazırdır. Azərbaycan tərəfi mütləq şəkildə ədaləti bərpa edəcək. Son hadisələr də onu göstərir ki, Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini qorumaq və milli maraqlarını reallaşdırmaq üçün mütləq şəkildə bu və yaxud digər yollarla qələbəyə hazırdır. Bunların fonunda tarixi Azərbaycan torpaqları da unudulmur. Ermənistanda mövcud olan revanşizm və anti-türk, anti-Azərbaycan ritorikalarının qarşısını almaq üçün əldə olunacaq sülh müqaviləsinin mətnində bu məsələlər öz əksini tapmalıdır.