Ermənistan İranla hər zaman “qardaş” olub. Onlar əslində bir xalqdır. Ona görə də, ermənilərin adları İran, soyadları da farscadır. Sadəcə olaraq onları müəyyən bir dövr din ayırıb. Amma buna baxmayaraq onlar özlərini bir-birinə qardaş biliblər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, İranın Azərbaycana qarşı düşmən münasibəti də məhz bu amillərdən qaynaqlanır: “Onların Azərbaycan adında bir türk dövlətinin inkişaf etməsini gözləri götürmür. Eyni zamanda II Qarabağ müharibəsində Azərbyacanın işğalçı Ermənistanı məğlub edib torpaqlarımızdan qovması İranı ciddi narahat edir”.
Deputat İranın başqa bir qorxusunun Güney Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycan türkünün müstəqillik əldə etməsi ilə bağlı olduğunu söyləyib: “Çünki İran qorxur ki, Güney Azərbaycan müstəqillik əldə etsə onların sonu olacaq”.
Aqil Abbasa görə, İranın Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqe də əhəmiyyətsizdir: “Bu dəhliz mütləq ki, açılacaq. Çünki bu dəhlizin açılmasını dünya istəyir. Avropanın, Rusiyanın, Qərbin istəyi məhz Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu xoşluqla olmasa hərbi güc tətbiqi də mümkün olacaq”.