“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rusiya artıq rəsmi olaraq Ermənistanı açıq şəkildə hədələməyə başlayıb. Rusiya rəsmiləri İrəvanın Avropa Birliyinin missiyasını bölgəyə gətirməsinin bir bədəlinin olacağını deyirlər. Sizcə, bu hədələr əməli addımlarla davam etdirilə bilərmi və ya Ermənistana qarşı hansı cəza vasitələrinə əl ata bilərlər?
- Ermənistanın mövcud hökumətinin Rusiya ilə münasibətləri həmişə soyuq olub. Amma son gərginliyin başlıca səbəbi Paşinyan hökumətinin xarici siyasət vektorunun artıq açıq şəkildə Avropa Birliyi və NATO-ya doğru istiqamət almasıdır. Bunun da indiki mərhələdə baş verməsinin səbəbi, ilk növbədə Rusiyanın Ukraynaya qarşı təcavüzü və həmin siyasətin doğurduğu fəsadlardır. Moskvanın beynəlxalq aləm tərəfindən təcridi, Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalar, ən əsası da Ukraynaya qarşı savaşda uğursuzluğu bir tərəfdən İrəvanı öz seçimində daha cəsarətli olmağa, digər tərəfdən isə Avropa Birliyi və NATO-nu Ermənistanla əməkdaşlıqda konkret addımlar atmağa sövq etdi.
Qeyd olunan vəziyyətin indiki məqamda yaranmasının başqa bir səbəbi də, Ukraynada uğur qazana bilməyən Rusiyanın Cənubi Qafqaz istiqamətində fəallaşması ehtimalıdır. Bura digər regional amilləri də əlavə etdikdə, Ermənistanın atdığı addımların motivləri tam aydın olur.
Görünən budur ki, Paşinyan hökuməti artıq Ermənistanın Qarabağdakı separatçıların girovunda qalmasını istəmir, çünki bu, həm İrəvanın Moskvadan asılılığını aradan qaldırmağa imkan vermir, həm də Azərbaycan və Türkiyə ilə münasibətləri sabitləşdirməyə. Bu isə Moskvanın təkcə Ermənistan siyasətinə zərbə vurmur, həm də onun rəqiblərinin bölgəyə təsirini artırır. Moskvada yaxşı anlayırlar ki, Cənubi Qafqazı itirmək təhlükəsi yaranır və bu işi də Ermənistanın əlilə görürlər. Ermənistanın ünvanına açıq hədələrin də səbəbi budur.
Moskvanın həmin hədələri nə dərəcədə reallaşdıra bilib-bilməyəcəyinə gəlincə, burada zaman Rusiyanın əleyhinə işləyir. Əvvəla, Moskvanın Ermənistanın daxili siyasətinə təsir imkanları getdikcə məhdudlaşır, ikincisi, Ermənistan faktiki yeni müttəfiqlər əldə etməyə başlayır ki, onların da Rusiyaya İrəvanı rahatlıqla əzməyə imkan verəcəklərini gözləmirəm. Amma bunu da unutmayaq ki, Moskvanın Ermənistana təsir imkanları hələ yetərincədir. Odur ki, siyasi qətllərdən dövlət çevrilişi cəhdinədək, iqtisadi təsirlərdən vətəndaş qarşıdurmasınadək ən müxtəlif ssenarilərin işə salına biləcəyi gözləniləndir.
- Bəs Ermənistanda qızışan Qərb-Rusiya qarşıdurması Azərbaycana nə vəd edir?
- Əslində diqqətlə baxsaq, Qərb-Rusiya qarşıdurması bütövlükdə regionu əhatə edir, sadəcə onun aktiv addımları hələlik ancaq Ermənistanda görünür. Əslində isə Azərbaycan üçün potensial təhdidlər daha çoxdur, çünki tərəflərdən hər birinin bölgəni öz geosiyasi planlarında görmək istəyi və bunun nəticələri daha çox Azərbaycandan asılıdır. Amma Azərbaycanın istər iqtisadi, istər hərbi, istərsə də qalan digər parametrlər üzrə Ermənistandan xeyli üstün durumda olması mübarizə tərəflərini ölkəmizə münasibətdə daha korrekt davranmağa məcbur edir.
Ermənistandakı qarşıdurmanın Azərbaycana təsirinə gəldikdə isə bu, daha çox hansı ssenarilərin tətbiq olunacağından asılıdır. Məsələn, Qarabağın dağlıq hissəsindəki erməni icmasından istifadəni nəzərdə tutan ssenarilər şübhəsiz ki, Azərbaycana birbaşa təsir edərdi. Eyni dərəcədə də sərhəd mübahisələrinin qızışdırılması və ya İranın regional proseslərə cəlb edilməsi şübhəsiz ki, bizə təsirsiz ötüşməzdi. Başqa mümkün variantlar da var ki, onların da baş tutacağı halda Azərbaycana təsirinin olacağını nəzərə almalıyıq. Məsələn, Ermənistanda hərbi çevriliş baş verərsə və ya daxili siyasi münaqişə silahlı qarşıdurma müstəvisinə keçərsə, bunlar da Azərbaycana təsir göstərə bilər. Odur ki, bütün mümkün variantları öyrənməli, nəzərdə saxlamalı və onların hər biri üçün müvafiq fəaliyyət planı hazırlamalıyıq.
- Separatçı Ruben Vardanyan bir neçə gün əvvəl Moskvaya çağırıldı. Bu, onun oyundan çıxarılacağı ehtimalını artırsa da, Moskva onu yenidən Xankəndiyə qaytardı. Sizcə, nə baş verir?
- Məncə bizim bəzi media platformaları “Vardanyan qaçdı” tipli anonslarla bir qədər tələskənliyə yol vermişdilər. Moskvanın Vardanyan üzərində qurduğu planından əl çəkmək fikrində olduğu inandırıcı deyil, çünki onun başqa seçimi yoxdur. Əvvəllər də demişik ki, Qarabağdakı qondarma separatçı rejim Vardanyan üçün yalnız tramplin kimi nəzərdə tutulub, əsas hədəf isə onu Ermənistanda hakimiyyətə gətirməkdir. Ona görə ki, Qarabağdakı separatçıların yerli “lider”ləri Rusiyanın Ermənistan siyasəti üçün işə yaramırlar, digər tərəfdən isə kənardan gəlmiş Vardanyana güzəştə getmək istəmirlər. Görünür, Moskva Qarabağ ermənilərinin separatçı liderlərini Vardanyanın müvəqqəti olduğuna və İrəvana aparılacağına inandıra bilmir. Onlar da nəzərə alırlar ki, Moskvanın Ermənistan planı baş tutmayacağı halda mövqelərini birdəfəlik itirə bilərlər.
Buradan belə nəticə çıxır ki, Rusiyanın Ermənistanda uğur qazanacağına heç Qarabağ separatçıları da inanmırlar. Bu isə Moskvanın bölgə uğrunda gedən geosiyasi mübarizədə vəziyyətinin düşündüyümüzdən daha ağır olduğundan xəbər verir. Unutmayaq ki, Qarabağdakı separatçılar Rusiya ilə gündəlik olaraq birbaşa təmasda işləyirlər və deməli, vəziyyətin nə yerdə olduğunu da yaxşı bilirlər.
- Belarus Prezidenti Aleksandr Lukaşenko isə KTMT-nin Rusiyanın Ukraynaya qarşı müharibəsisinə qoşula biləcəyi məsələsini gündəmə gətirib. Sizcə, bu ehtimal nə qədər mümkündür və belə bir addım atılsa, bu, hansı gəlişməyə yol aça bilər? Yaxud Lukaşenko niyə birdən-birə bunu gündəmə gətirdi?
- Yəqin ki, Lukaşenko Putinin onun ölkəsini Ukrayna ilə konfliktə açıq cəlb edəcəyini və Belarusun bundan yayına bilməyəcəyini anlayaraq həmin açıqlamanı verib. Buna bir növ onun KTMT-dən alət olaraq yararlanmaq cəhdi kimi də baxmaq olar.
Belarus xarici işlər naziri və Lukaşenkonun ən yaxın adamlarından olan Vladimir Makeyin keçən ilin noyabrındakı müəmmalı ölümündən sonra Moskva-Minsk münasibətlərinin yeni fazaya keçdiyini görməmək mümkün deyil. Moskva var gücü ilə Belarusu Ukrayna müharibəsinə cəlb etməyə çalışır, amma Lukaşenko bu halda ölkəsini və özünü nələrin gözlədiyini anladığından iştirakdan yayınmaq üçün müxtəlif yollara əl atır. Həmin yollardan ən ümidvericisi isə Ukraynaya qarşı müharibədə iştirak məsələsini hər iki ölkənin KTMT üzrə müttüfiqlərilə müzakirəyə çıxarmaq və həmin təşkilatı münaqişəyə çəkməyə çalışmaqdır.
KTMT-də qərarların yalnız konsensus əsasında qəbul edildiyini bilən Lukaşenko əmindir ki, ən azı Ermənistan buna qarşı çıxacaq. Bu halda da mümkündür ki, KTMT münaqişənin yalnız Rusiya-Ukrayna müharibəsi olduğu haqda hər hansı bir sənəd də qəbul etsin. Bu baş verərsə, Belarus da həmin sənədə istinad edəcək. Başqa bir məqsəd isə KTMT formatında səmərəsiz uzun-uzadı müzakirə açmaqla müharibəyə cəlb edilməkdən yayınmaq ola bilər.
KTMT-nin Ukrayna müharibəsinə cəlb olunmasına gəldikdə, məncə, bu gün belə bir planın baş tutma ehtimalı minimumdur. Ən azı ona görə ki, heç kim məğlubun (Rusiyanın – red.) yanında olmağa tələsmir.