Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması məsələsinə qarşı çıxdı. Qərb də bunun əleyhinədir. Sizcə, bu durumda Azərbaycan nə edəcək?
- Təbii ki, bu, nə Rusiyanın, nə də danışıqlar prosesində vasitəçiliyi ələ almaq istəyən və bunun üçün cəhdlər edən Qərbin maraqlarına uyğundur. Çünki həmin yolda nəzarət-buraxılış məntəqəsinin qurulması Qərbin qarabağlı ermənilərə təsir imkanlarını heçə endirir.
Rusiyaya gəldikdə, bu yol rusların “sülhməramlı missiya”sının görünən və görünməyən tərəflərini ortaya çıxarıb. Bunların arasında Ermənistandan silah-sursatın daşınması, minaların gətirilməsi, qaçaqmalçılıq, qanunsuz biznes fəaliyyəti və digər məsələlər var. 10 noyabr bəyanatında Laçın yolunun təhlükəsizliyinin təminatı rusiyalı hərbçilərə həvalə edilib. Bəli, həmin bəyanatda nəzarət-buraxılış məntəqələrinin qoyulmasından bəhs olunmur. Amma bəyanat heç bir halda Azərbaycan Konstitusiyasından üstün sayıla bilməz. Yerli qanunvericiliklə yanaşı, Azərbaycanın imzaladığı beynəlxalq qanunların hamısı Konstitusiya çərçivəsində tənzimlənir və Konstitusiya maddələrinə uyğun olaraq tövsiyə edilir. Əlbəttə, bu durumda Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinin, onların dinc yaşayışlarının, fəaliyyətlərinin və konstitusion hüquqlarının təminatında üzləşdiyi problemlərin qarşısını almaq üçün yenə də Konstitusiya çərçivəsində zəruri addımlar atmalıdır.
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın həm konvensional, həm də konstitusion hüququdur. Beynəlxalq hüquqda nəzərdə tutulan bir sıra prinsiplər, aksiomatik şərtlər var. Onlardan biri və bəlkə də birincisi, dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suveren təminatı ilə bağlıdır. Ermənistanla bizim aramızdakı dövlət sərhədi hələlik delimitasiya və demarkasiya edilmədiyi üçün şərti sərhəd sayılır. Belə olan halda Azərbaycan öz təhlükəsizliyini, suverenliyini, dövlət müstəqilliyini və sərhəd toxunulmazlığını təmin etmək üçün mütləq şəkildə o nəzarət-buraxılış məntəqələrini quraşdırmalıdır.
Lavrov Bakıda olarkən bildirdi ki, məntəqələr yox, amma yoxlamalar üçün texniki vasitələrin quraşdırılması mümkündür. Yəni bu, dünənki balığı bu günkü balıq kimi satışa çıxarmaq cəhdidir. Lavrovun bu cəhdi həm də Rusiyanın bölgədəki təsir rıçaqlarını itirməmək istəyidir, amma qatar artıq gedib. Qərb artıq bölgədədir, o, danışıqlarla yanaşı, yekun sülh sazişinin imzalanması prosesinə bilavasitə təsir və müdaxilə edir. Bu müdaxilə Rusiyanın müdaxiləsi kimi kobud və qeyri-konvensional deyil. Qərb Azərbaycan və Ermənistana öz xidmətlərini təklif edir. Azərbaycan üçün də sərfəli varinat hansıdırsa, biz onu seçəcəyik. Çünki şərtləri biz diktə edirik. Bunun Lavrovun özü də etiraf etdi.
Fikir verdinizsə, Lavrov Bakıda olarkən mövzu seçimi və onun tez-tez “Ermənistan” ifadəsini təkrarlaması xüsusi diqqət çəkdi. Bu, diplomatik dildə çox asan izah olunur. Bu o deməkdir ki, Rusiya və Azərbaycan Ermənistanın iştirakı olmadan onun taleyini həll etməyə hazırdır. Rusiyanın başqa çıxış yolu yoxdur. Bu o demək deyil ki, Rusiya bizi çox sevir, bizi anlayır, bizim şərtləri qəbul edir. Qətiyyən belə deyil. “Rus ayısı” şovinistdir, millətçidir, imperialistdir. Sadəcə olaraq, bölgədəki təsir rıçaqlarını tamamilə itirməmək üçün Azərbaycanın şərtlərini qəbul etdiyi görüntüsü yaradır. İstənilən halda Rusiyanın yaratdığı bu “görüntü”yə inanmağa dəyməz.
- Azərbaycanla Ermənistanın sülh müqaviləsinin hazırlanmasında müəyyən yol qət etdiyi ehtimalı var. Ən azı qarşılıqlı şəkildə verilən rəsmi açıqlamalar bu ehtimalı yaradır. Sizin də dediyiniz kimi, bu prosesdə vasitəçi kimi xüsusən də Qərbin önə çıxması diqqətdən yayınmır. Necə düşünürsünüz, Rusiyanın bu prosesi pozmaq imkanları varmı?
- Qətiyyən! Rusiyanın nəinki bu prosesə mane olmaq, ona təsir etmək imkanları belə tükənib. Sadəcə Rusiya indi Ermənistanı qorxutmaq, yerində oturtmaq niyyətindədir. Paşinyan hazırda Rusiyada nəinki qıcıq yaradır, artıq rusiyalı rəsmilər ona nifrət edirlər. Çünki Paşinyan davamlı şəkildə Rusiyanı aldatmaqla məşğuldur. Paşinyanı da başa düşmək olar, çünki o, Rusiyanın boyunduruğundan qurtulmaq istəyən Ermənistanın adından danışır. Ermənilər gördülər ki, Rusiya onlara ancaq vəd verməklə məşğuldur və Ermənistanı öz müstəmləkəsi hesab edir.
Qərb isə Azərbaycan-Ermənistan danışıqlarının indiki mərhələsində daha fəaldır. Nə ABŞ, nə də Avropa İttifaqı Rusiyaya imkan verəcək. Qərb imkan verməyəcək ki, Rusiya Azərbaycan-Ermənistan danışıqlarının əsas moderatoru olsun.
- Bəs Ermənistan Rusiyanın artan təzyiqləri qarşısında hansı yolu seçəcək: dayanacaq, yoxsa heç nəyə baxmayaraq davam edəcək? Bir də, Ermənistanın Rusiyadan uzaqlaşması Azərbaycanın xeyrinədirmi?
- Ermənistanın və ya hansısa qonşu ölkənin hər hansı bir dövlətin maraqlarına nə qədər yaxın-uzaq olmasının bizim eynimizə də deyil. Bu, onların problemləridir, özləri bilərlər. Bizim üçün problem o zaman ola bilər ki, bu yaxınlaşma və ya uzaqlaşma Azərbaycanın maraqları üçün təhlükə yaratsın. Ermənistan Konqoya, Vyetnama və ya Argentinaya da yaxınlaşa bilər, özü bilər, canı cəhənnəmə, bu, məni qətiyyən maraqlandırmır.
Sadəcə olaraq, Ermənistan Rusiyanın boyunduruğundan çıxıb, Qərbin boyunduruğuna düşəcək, məsələ bu qədər bəsitdir. İndi Rusiya Ermənistana ucuz silah və digər iqtisadi imkanlar vəd edirsə, Qərb isə sadəcə vədlər verəcək. Qərb iki il əvvəl Ermənistana çox böyük maliyyə yardımı vəd etmişdi. Hələ də Ermənistana bir avro belə verilməyib. Yəni Qərb vədlər verməklə məşğuldur.
Baş verənlərin danışıqlar prosesinə təsirinə gəldikdə, biz bu prosesdə bir müstəvi seçməmişik, bir neçə alternativ yol seçmişik. Yəni həm Qərbdən, həm də Rusiyadan istifadə edirik, həm də bəzi regional oyunçuların maraqlarını nəzərə alırıq. İran və Ermənistan istisna olmaqla. Sülh müqaviləsi isə mütləq imzalanacaq, bunun başqa yolu yoxdur. Bu, Ermənistandan asılı deyil, bu məsələ artıq onu aşıb. Bu ya Ermənistanın iştirakı ilə, ya da onu buna məcbur etməklə başa çatacaq. Çünki böyük güclər artıq Qafqazdakı qeyri-stabillikdən beziblər. Onlar bu məsələni həll etməyə çalışırlar ki, bunun da arxasında sırf iqtisadi motivlər dayanır.
- Azərbaycanın rəsmi nümayəndələri ilə erməni sakinlər arasında görüş başlayıb, artıq bu çərçivədə Xocalıda ilk təmas reallaşdı. Bu prosesdən gözləntiniz necədir, sonda istəyimizə nail ola biləcəyikmi?
- Biz artıq istəklərimizə nail olmuşuq. Bunun kontekstində iki məsələ dayanır. Nikol Paşinyan bir müddət əvvəl deyirdi ki, Ermənistanın məqsədi Hadrut və Şuşanın “işğaldan azad edilməsi”dir. Daha sonra bildirdi ki, artıq “Qarabağın statusu məsləsi” yoxdur, yəni Azərbaycanla razıdır. İndi isə deyir ki, onların əsas məsələsi qarabağlı ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlıdır. Yəni faktiki olaraq, Ermənistan etiraf etdi ki, aqressiv ritorikası öz əleyhinə işləyir.
Qarabağlı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı məsələsi ancaq və ancaq avtomatik olaraq Azərbaycan Konstitusiyası çərçivəsində həll ediləcək. Bu belə də olacaq, müzakirəsi belə yolverilməzdir, Azərbaycan buna imkan da verməyəcək. Sadəcə Azərbaycan Konstitusiyası çərçivəsində rəsmi Bakının nümayəndəsi ilə Azərbaycanın Xankəndi şəhərinin sakinləri arasında müzakirələr aparılır. Azərbaycanın digər şəhər və rayonlarında da müəyyən problemlər olanda dövlət adamları sakinlərimizlə belə görüşlər keçirirlər. Bu proses də tamamilə normal və konstruktiv məcrada gedəcək.