Qarabağ və onun ətrafında olan ərazilər suveren Azərbaycan torpaqlarıdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və hüquqlarını bu ərazidə həyata keçirir. Rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan insanları Azərbaycan dövləti öz vətəndaşları hesab edir. Dövlətimiz tərəfindən onlara ən yüksək formada hüquq və azadlıqların verilməsi də təmin olunacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, bununla bağlı Azərbaycan Prezidentinin bəyanatı olub: “Həmçinin bu istiqamətdə müvafiq addımlar da atılıb. Vaxtaşırı həmin ərazidə yaşayan insanlardan bəziləri Azərbaycan nümayəndələrinə yaxınlaşdığı halda onların problemləri də həll edilib. Sadəcə olaraq müəyyən bir dövr burada Ruben Vardanyan təxribatı ortaya atılmışdı. Bu variant da elə ermənilərin özləri tərəfindən aradan götürüldü. İndi isə dialoq üçün normal şərait yaranıb”.
Millət vəkili deyib ki, bundan əvvəl də sosial şəbəkələrdə, ayrı-ayrı çıxışlardan bu ərazidə yaşayan sakinlərdən Azərbaycanla dialoq qurmaq istədikləri barəsində bəyanatlar verilirdi: “Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çıxışından sonra ölkəmiz ilk konkret addımlar atdı. Qarabağda yaşayan erməni icması ilə danışıqlar üçün təyin edilən məsul şəxs Milli Məclisin deputatı Ramin Məmmədovun özü əslən Ağdərə rayonundandır. Həmkarımız o əraziləri çox yaxşı tanıyır. Eyni zamanda o, kifayət qədər siyasi təcrübəsi olan, həmçinin ictimaiyyət arasında da çox ciddi, tədbirli bir insan kimi tanınır. Bütün bunların fonunda Qarabağda erməni icması ilə ilk görüş onu deməyə əsas verir ki, bundan sonra da bu cür təmasların qurulması mümkündür. Bir tərəfdən Azərbaycan orada təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması məsələsini qoyub. Bununla yanaşı həmin ərazidə yaşayan əhalinin Azərbaycana inteqrasiya olunması məsələsi də müzakirə olunur”.
Aydın Mirzəzadə hesab edir ki, ilk görüşdə bütün məsələlərin həll olunması mümkün deyil: “Amma bununla belə təmaslar var. Addımlar atılır. Artıq müəyyən dövrdən sonra rus sülhməramlılarına ehtiyac qalmayacaq. Həmin şəxslərlə Azərbaycanın istənilən ərazisində görüşlər olacaq, inteqrasiya problemləri həll ediləcək. Həmin ərazilərdə infrastrukturun yenidən qurulması, orada yaşayan insanların ehtiyaclarının ödənilməsi üçün addımların atılması mümkün olan məsələlərdir”.
Deputatın fikrincə, dünya onun fərqindədir ki, Azərbaycan öz ərazisi üzərində süveren hüquqlarını həyat keçirir: “Bu mexanizm beynəlxalq hüquqa, vətəndaş hüquq və azadlıqlarının qorunmasına söykənir. Bundan sonrakı görüşlərdə də artıq digər tipli məsələlər də müzakirə ediləcək. Azərbaycan göstərdi ki, o öz verdiyi sözə sadiqdir. Dövlətimiz harada yaşamasından, milliyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarını qorumağı bacarır”.
Qeyd edək ki, martın 1-də Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.