2 Mart 2023 19:50
3 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfinin birmənalı mövqeyi o idi ki, ərazimizdə yaşayan ermənilər yalnız ölkə konstitusiyasına, qanunlarımıza tabe olaraq vətəndaşlıq statusunda öz mövcudluqlarını davam etdirə bilər. Dövlət başçısı da bildirib ki, Qarabağdakı ermənilərin gələcək hüquqi vəziyyəti, təhlükəsizliyi məsələsi ölkəmizin daxili işidir. Azərbaycan bunu kənar digər subyektlərlə müzakirə etmək fikrində deyil. Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidenti ölkə ərazisində yaşayan ermənilərlə müzakirələrin aparılmasının mümkünlüyünü vurğulayıb. Eyni zamanda Prezident İlham Əliyev bu müzakirələrin həmin ərazilərə göndərilən kənar şəxslərlə deyil, Qarabağda doğulmuş, orada yaşamış şəxslərlə aparıla biləcəyini açıqlamışdı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, ölkə baçısının bu bəyanatından bir neçə gün sonra Qarabağa qanunsuz olaraq göndərilmiş Ruben Vardanyan oradakı qondarma postundan uzaqlaşdırılıb: “Bu amil ermənilərin yaşadığı Azərbaycan əraziləri üzərində də suverenliyimizin tam təmin etməyə yaxın olduğumuzu göstərir. Burada proseslər Azərbaycan Prezidentinin iradəsi altında cərəyan edir. Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərlə müəyyən təmasları üçün təcrübə də var. Bu baxımdan Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərlə müzakirələrin aparılması bir çox məqamlar baxımından vacib göstəricidir”.

Deputatın fikrincə, burada vacib məqam odur ki, erməni tərəfi Azərbaycanın təkliflərinə və şərtinə uyğun şəkildə öz mövcudluqlarını davam etdirə biləcəklərini qəbul edir: “Qarabağda hələ də öz mövcudluğunu saxlayan separatçılarla heç bir məsələ müzakirə edilmir. Müzakirələr orada yaşayan erməni icmasının təmsilçiləri ilə aparılır. Azərbaycan ərazisində separatizmlə məşğul olan, əli azərbaycanlıların qanına bulaşmış şəxslər bu müzakirələrdə tərəf müqabili ola bilməz. Sözsüz ki, bu görüşlərdə Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyası məsələsi gündəmdə olub. Bu da bütövlükdə ölkəmizin iradəsinin və haqlı mövqeyinin qalib gəlməsinin göstəricisidir”.

Elşad Mirbəşiroğluna görə, azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda ermənilərin yaşadığı ərazilərdə təbii sərvətlərimizin talanmasına etirazı da artıq öz nəticəsini verməkdədir: “Artıq həmin mədənlərdə monitorinq aparılması ilə bağlı da tələblər təmin ediləcək. Ümumilikdə isə Qarabağda yaşayan erməni icması ilə baş tutan görüşlər separatizmin sonunun yaxınlaşmasını göstərən mühüm amil kimi də başa düşülməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər