Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, son dövrlər üçtərəfli bəyanatla bağlı tərəflərin davranışlarında bir proqres müşahidə edilir. Belə olan halda Azərbaycanın seçimi və davranışları necə olmalıdır?
- İndiki dövrdə vəziyyət o qədər də sadə deyil. Bu gün müzakirələr ciddi, düşünülmüş şəkildə və bütün tərəflərlə aparılmalıdır. Azərbaycan 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata imza atıb. Ölkəmiz bu bəyanatın bütün bəndlərində ciddi şəkildə riayət edir. Amma bu bəyanata imza atan digər tərəflər Azərbaycan kimi buna riayət etsə, idi heç bir problem də olmazdı. İndi məsələ ondandır ki, üçtərəfli bəyanata imza atmış digər tərəflər tam şəkildə buna əməl etmir və yaxud da ki etmək istəmir.
- Bu daha çox özünü hansı məqamlarda göstərdi?
- Azərbaycan dəfələrlə vurğulayıb ki, rus sülhməramlıları öz səlahiyyətləri çərçivəsində Laçın yolundan qeyri-qanuni istifadələrə yol verməməlidir. Bu açıq-aydın bir məsələdir. Çünki humanitar məsələlərlə bağlı nəzərdə tutulmuş Laçın yolundan başqa məqsədlər üçün istifadə etmək yolverilməzdir. Amma buna baxmayaraq Azərbaycan tərəfi proseslərin sona kimi izlənməsini və hər kəsin nəhayət öz məsuliyyətini dərk etməsini gözləyib. Bununla yanaşı Azərbaycan öz öhdəliyini vaxtındən əvvəl icra edib. Bu da yeni Laçın yolu ilə bağlı olan məsələdir ki, ölkəmiz ən qısa zamanda bu xəttin inşasını yekunlaşdırıb istifadəyə verib.
- Bəs nə baş verdi ki, Azərbaycan adekvat addımlar atmağa məcbur oldu?
- Həm köhnə, həm də yeni Laçın yolu ilə bağlı Azərbaycanın təsəvvürləri başqa idi. Biz ümidvar idik ki, bu yol ancaq humanitar məqsədlər üçün istifadə olunacaq. Amma sonra müşahidə olundu ki, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan ancaq qeyri-qanuni məqsədlər üçün istifadə edilir və burada bizim təbii sərvətlərimiz istismar olunaraq daşınır. Eyni zamanda bu yolla Azərbaycan ərazisinə üçüncü ölkələrin nümayəndləri, terrorçular, silah-sursat, minalar daşınır. Hələ də Qarabağda qalmaqda olan qanunsuz erməni silahlı birləşmələrinin təminatı üçün də Laçın yolundan açıq istifadə olunur. Bunlar açıq faktlardır və heç kəs inkar edə bilməz.
- Sülhməramlılar bu prosesə hansı şəkildə maneə ola bilərdi və niyə olmayıb?
- Üçtərəfli razılaşmada məhz bu cür qanunsuz daşımaların olması nəzərdə tutulmayıb. Buna məsuliyyət daşıyan dövlət isə Rusiya və onun buradakı sülhməramlı kontigenti idi. Digər tərəfdən Rusiya sülhməramlıları bu yola nəzarət etməklə yanaşı Ermənistan tərəfi də bu cür əməllərdən çəkinməli idi. Bu ölkənin Azərbaycan ərazisində minalar, təxribatçılar, silah-sursat göndərməməsi ilə bağlı öhdəliyi var. Bu yoldan erməni tərəfi Azərbaycanın təbii sərvətlərini talamaq üçün yararlanmamalı idi.
- Belə olan halda Azərbaycanın haqlı tələblərinə niyə bu qədər aqressiv yanaşma var?
- İndi iş o yerə gəlib çatıb ki, biri prosesə nəzarət edə bilmir, o birisi isə öz imzaladığı sənədə riayət etmir. Amma ittiham olunan tərəf isə Azərbaycan olur. Elə işdəki faciə də məhz budur. Ona görə də, Azərbaycan haqlı olaraq Rusiya və Ermənistana iradlarını bildirib. Sözsüz ki, Ermənistan yenədə də prosesi öz maraqlarına uyğun şərh edir. Onlar iddia edirlər ki, Laçın yolunda heç bir nəzarət-buraxılış məntəqəsi olmamalıdır və s.
- Rusiyanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yardaılması ilə bağlı məsələyə münasibətini necə şərh etmək olar?
- Sözsüz ki, Rusiya çalışır ki, məsələni başqa cür şərh etsin. Onlar açıqlama verir ki, Azərbaycanın narazılığını və şübhələrini başa düşürük. Ona görə də, Laçın yolunda nəzarətin texniki şəkildə qurulmasını müzakirə etməyə imkanlarının olduğunu Rusiya tərəfi də etiraf edir. Deməli onlar da başa düşür ki, burada üçtərəfli bəyanat sona kimi işləməyib. Burada digər əsas məsələ Azərbaycanın üçtərəfli razılaşmaya ciddi yanaşma tələbi ilə bağlıdır. Təəsüflər olsun ki, bu məsələyə iki tərəf ciddi yanaşmır. Amma Azərbaycanın səyləri nəticəsində Rusiya və Ermənistan Laçın yolu ilə bağlı münasibətlərini dəyişdirməyə məhkumdurlar. Bu da əsas nəticədir.
- Sizcə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində bu məsələlər nə dərəcədə əhəmiyyətli müzakirə predmeti olub?
- Sözsüz ki, Lavrovun Bakıya səfəri onun Şimal-Cənub dəhlizi, Azərbaycanla iqtisadi münasibətlərin güclənməsi, Rusiya üçün ölkəmizin əhəmiyyətli olması və s. məqamlarla bağlı açıqlaması diqqət yayına bilməz. Bütün bunlar məhz ona dəlalət edir ki, Azərbaycanın narahatlığı mütləq ki, nəzərə alınacaq. Bir müddət öncə Azərbaycan Prezidenti bəyan etdi ki, Qarabağa qanunsuz olaraq gəlmiş separatçı Ruben Vardanyan orada olduğu müddətcə erməni icması ilə heç bir ünsiyyət qurula bilməz. Məhz ölkə başçısının bu bəyanatından sonra Vardanyan oradakı qondarma postundan qovuldu. Bu öz-özlüyündə vacib məsələdir. Azərbaycanla bununla Qarabağada yaşayan erməni icması ilə dialoqu yenidən gündəmə gətirdi və bu istiqamətdə ilkin konkret addımlar atılıb. Proses bundan sonra da uğurlu nəticəyə nail olunana qədər davam edəcək.
- Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı qarşı tərəfin yanaşması və buna qarşı arqumentlər nə dərəcədə məntiqli idi?
- Beynəlxalq Ədalət Məhkəməsi haqlı bir qərar çıxardı. Ermənistan dünyanı, beynəlxalq hüququ, ədaləti nə qədər aldatmağa çalışsa da bu alınmadı. Çünki reallıq var. İndi dünya hər şeyi görür. Ona görə də, bu amillər beynəlxalq ədalətin təcəlli tapmasına imkan yaratda. Amma Azərbaycan tərəfi olaraq biz bundan sonra da israrlı olaraq öz mövqeyimizdə dayanmalıyıq. İndi Azərbaycannın tələbi odur ki, üçtərəfli razılaşmanın bütün bəndləri ardıcıllıqla icra edilsin.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.