Qarabağada yaşayan erməni icması ilə baş tutan görüş xüsusi önəm kəsb edir. Bu görüşlər olmalıdır. Bununla bağlı Azərbaycana qarşı Qərbdən ittihamedici yanaşmalar var idi. Onlar reinteqrasiya ilə bağlı Azərbaycanın atmış olduğu addımlara diqqət çəkirdilər. Ona görə də indiki halda Azərbaycan tərəfi göstərir ki, onun reinteqrasiya ilə bağlı xüsusi bir konsepsiyası var. Ölkəmiz bu məsələdə konstruktivdir, Qarabağda yaşayan erməni icması ilə dialoqa hazırdır və bu baş tutub.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, erməni tərəfinin bu cür məsələləri ayrı cür yozması və interpretasiya etməsi onların konstruktiv olmadığını göstərir:
“Bu isə onların imicinə zərər vurur. Əgər erməni tərəfi bu cür yanaşmalarda yanlışlığa yol verirsə, bu onların ziyanına olan bir haldır”.
Şəfiyev həmçinin Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının gec-tez baş tutacağını bildirib:
“Amma təəssüf ki, erməni tərəfi hələ də proseslərdən heç bir nəticə çıxarmayıb. II Qarabağ müharibəsi və ondan sonrakı iki illik bir dövrdə erməni tərəfinin reallığı dərk etməməsi təəssüf doğurur. Azərbaycan isə bütün bunların fonunda öz hədəflərinə pillə-pillə çatır”.
Mərkəz sədrinə görə, son erməni təxribatı bir daha göstərdi ki, onlar üçtərəfli razılaşmaları açıq şəkildə pozmaqda davam edir:
“Bu ərazidə hələ də ermənilərə məxsus silahlı birləşmələrin mövcudluğu ilə bağlıdır. Digər tərəfdən Laçın yolunun qeyri-humanitar məqsədlər üçün istifadə edilməsi fatkları var. Bütün bunlara son qoymaq üçün həmin yolda nəzarət buraxılış mənətəqəsi yaradılacaq. Məhz bu amil təhlükəsilziyi təmin edən əsas element olacaq”.