Qətərə işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, C. Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hal-hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirilib. Qarşı tərəfə 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hətəkatı Zirvə Görüşü və nəticələri barədə məlumat verilib.
Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.