8 Mart 2023 10:16
6 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçtərəfli razılaşmada Laçın yolu 5 km enində nəzərdə tutulub. Burada sülhməramlıların nəzarəti ilə yüklərin və insanların keçidi üçün imkan yaradılıb. Sözsüz ki, bundan kənarda yaşayış məntəqələri var ki, onların da öz yolları var. Bu yollar tam istismara yararlı olmasa da mövcuddur. Amma həmin yaşayış məntəqələrindən çıxan yollar da Laçın yoluna daxil olur deyə buralara da rus sülhməramlıları nəzarət etməlidir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, rus sülhməramlılarının belə bir öhdəliyi var:

“Bununla yanaşı Azərbaycan tərəfi dəfələrlə bu yollarla qeyri-qanuni daşımaların olması ilə bağlı rus sülhməramlılarına məlumat verib. Son zamanlar isə artıq rəsmi şəkildə bu xəbərdarlıqlar edilib. Martın 5-də isə növbəti belə bir faktın olması ilə bağlı Azərbaycan tərəfi məlumat əldə edib. Bu faktın yerində yoxlanılması ilə bağlı Azərbaycanın müvafiq bölmələri əraziyə baxış keçirib. Oradan döyüş sursatlarının keçirilməsi ilə bağlı faktlar aşkarlanıb. Azərbaycan tərəfi bu faktın yoxlanılmasını həyata keçirən zaman silahlı müqavimətlə rastlaşıb. Şəhidlərimiz var”.

Polkovnik Xankəndi-Xəlfəli-Turşu yolunun qış fəsli zamanı hərəkət imkanları üçün məhdud olduğunu deyib: “Amma həmin yol istiqamətində bir neçə kənd var. Bu kəndləri isə bir-biri ilə əlaqələndirən yollar mövcuddur. Azərbaycan bu yolları nəzarət altına alandan sonra qəti şəkildə tələb edir ki, bütün daşınmalar Laçın yolu ilə həyata keçirilə bilər. Çünki bu yollardan ancaq yaşayış məntəqələrini əlaqələndirmək üçün istifadə edilməsi mümkündür”.

Şair Ramaldanova görə, rus sülhməramlıları həmin yollardan separatçıların istifadəsi üçün imkanlar yaradıb: “Fakt odur ki, separatçılar və Ermənistan hakimiyyəti məhz Laçın yolundan kənar yollarla qanunsuz daşımalar həyata keçirib. Ermənilər məhz bu torpaq yollarla Azərbaycan ərazisinə mina, silah-sursat və qanunsuz daşımalar həyata keçirib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər