Son proseslərin gedişindən sonra gözlənilirdi ki, İran öz yanaşmasını dəyişəcək. Molla rejimi nəhayət daxilində olan aksiyalardan, qarşıdurmalardan nəticə çıxaracaq. İnsanların narazılığının müəyyən mənada nəzərə alınacağı ehtimalı var idi. Eyni zamanda İran rejiminin bu narazılıqların azaldılması üçün ciddi addımlar atacağı güman olunurdu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, İranda Məhsa Əminin öldürülməsindən sonra başlanan prosesin nöbəti mərhələdə baş verməməsi üçün daha ciddi addımlar atıla bilərdi:
“Amma bu gün görünən odur ki, İran yanaşmasını dəyişməyib. Bu ölkə eyni metod və qadağalarla ölkədə qadınların müqavimətini qırmağa çalışır. Bu faktlar özünü açıq şəkildə göstərir. İranda qız uşaqlarının təhsil aldığı tədris ocağında kütləvi şəkildə zəhərlənməsi də məhz bu qəbildən olan hadisələrdən hesab edilir”.
Deputat deyib ki, görünür bu xətt İranın siyasətində əsas bir istiqamət kimi götürülüb:
“Əslində bu cür yanaşmalar növbəti mərhələlərdə İran rejimi üçün daha çox problemlər yaradacaq. İndiki mərhələdə bunu rejimin sərt davranışları hesabına dayandırmaq mümkün olsa da, sonrakı dövrlərdə bunun qarşısını almaq olmayacaq”.
Ceyhun Məmmədov hesab edir ki, molla rejimi ölkədə qadınların hüquqlarını məhdudlaşdırmaqla özünü çıxılmaz bir duruma doğru sürükləyir:
“Fakt isə odur ki, İran rejiminin mahiyyəti məhz budur. Ona görə də, bu ölkənin davranışlarında ciddi dəyişikliliyi gözləmək də sadəlövlük olar”.