9 Mart 2023 17:33
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda yeni müharibə olacaqsa və Azərbaycanı buna vadar edirlərsə, bizim başqa bir yolumuz qalmırsa, alternativ yoxdursa, bundan çəkinməyə dəyməz. Çünki müharibə oldu-olmadı biz şəhidlər veririk, narahatlıq var. Ona görə də, bu narahatlığa bir gün son qoyulmalıdır. Qarabağda olan separatçılar Azərbaycan qanunlarına tabe olmaq istəmirsə, müxtəlif təxribatlar törədirsə, silahlanmağa davam edirsə, özləri üçün səngər qazırsa, alternativ yollarla Ermənistanla əlaqə yaratmağa çalışırlarsa, burada Azərbaycana başqa seçim qalmır.

Bunu Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

O qeyd edib ki, Rusiya da üçtərəfli razılaşmaya əsasən öz üzərinə düşən öhdəliyi yerinə yetirmir:

“Rus sülhməramlıları separatçıları müdafiə etməklə prosesi uzatmağa, burada daha çox qalmağa çalışır. Məqsəd burada Rusiyanın hərbi mövcudluğunu qorumaqdan ibarətdir. Bu baxımdan da Azərbaycana özünün fundamental prinsiplərə əsaslanan haqlarını bərpa etmək üçün başqa yol yoxdur”.

Deputat deyib ki, üçtərəfli razılaşmada Laçın yolundan bəhs edilir:

“Bu yol hazırda istifadə edilir. Amma Qarabağdakı separatçılar burada alternativ yollardan istifadə edib silah daşıyır. Buna isə rus sülhməramlıları göz yumur. Ona görə də, Azərbaycan onların hərbi obyektlərini mütləq şəkildə vurmalıdır. Xankəndi ətrafında, sülhməramlıların nəzarətində olan ərazilərdə də bu cür hərbi obyektlər Azərbaycan tərəfindən məhv edilməlidir”

Partiya sədri hesab edir ki, indi dünyada hamı gücdən çəkinir:

“Diplomatiya çox zəif işləyir. Danışıqlar effekt vermir. ABŞ, Rusiya hərbi güc faktına görə öz maraqlarını diqtə edir. Belə olduğu halda Azərbaycan da özünün hərbi gücünü yenidən ortaya qoymalıdır. Çünki burada proseslərin gedişini gözləmək olmaz. Əraziyə daha çox silah daşınmasına, səngər qazılmasına və digər hallara son qoymağın yeganə yolu güc müstəvisində cavabdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər