Avropanın müəyyən dairələri özlərinin təbliğ etdiyi dəyərlərin bir sıra hallarda əksinə hərəkət edirlər. Azərbaycanın ərazi bütövlüyü rəsmən tanınsa da, bununla belə Ermənistanın ölkəmizə qarşı apardığı təxribat xarakterli siyasətinə dəstək verilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan-Ermənistan şərti sərhəd xəttində Avropa İttifaqının missiyası göndərilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, bu ilk növbədə əgər iki dövlət arasındakı sərhəddi hansısa bir formada müşahidə etməkdirsə, bu məsələ Azərbaycanla razılaşdırılmalı idi:
“Digər tərəfdən bu gün sərhədi müşahidə etmək yox, iki ölkə arasında sülh müqaviləsi bağlamaq, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə dəstək vermək lazımdır. Amma çox təəssüf ki, biz bunu həmin dairələrdən görmürük”.
Deputat hesab edir ki, burada məqsəd zorla da olsa, Ermənistanın iddiasına haqq qazandırmaq, ona siyasi pasport verməkdən ibarətdir:
“Ancaq onlar unudurlar ki, zaman dəyişib. Azərbaycan öz hüququnu bilən, dövlət maraqlarını qorumağı bacaran bir ölkədir. 44 günlük müharibədə biz dünyaya özümüzün milli maraqlarımızı nə dərəcədə qoruya bildiyimizi bir daha göstərdik”.
Aydın Mirzəzadəyə görə, Ermənistanın özündə də Azərbaycanla münasibətləri normallaşdırmaq yönündə konkret, qəti addımlar görünmür:
“Sülh müqaviləsi bağlamaq əvəzinə beynəlxalq birliyi iki ölkə arasındakı münasibətə qoşmağa və yaxud da ki, vəziyyəti gərginləşdirməyə çalışan addımlar atılır. Ancaq bununla belə bu gün reallıq Azərbaycan həqiqətlərini təsdiq edir. Nə qədər Azərbaycana qarşı siyasi təxribatları yönəltməyə çalışsalar da, ölkəmiz öz ərazi bütövlüyünü və milli maraqlarını qoruyacaq. Ermənistan isə bunu qəbul etməyə məcburdur”.