Almaniyanın “ostexperte.de” portalında “Almaniya-Azərbaycan tərəfdaşlığı: İlham Əliyev Berlində” sərlövhəli məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, Urs Unkaufun müəllifi olduğu məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Almaniyaya səfər edəcəyi vurğulanıb. Almaniya-Azərbaycan əlaqələrinin geniş şərh olunduğu məqalədə qeyd edilib ki, Azərbaycan Prezidenti martın 14-də Berlində Prezident Frank-Valter Ştaynmayer və Kansler Olaf Şolts ilə görüşəcək. Görüşdən gözləntilər böyükdür.
Yazıda, həmçinin Prezident İlham Əliyevin bir ay əvvəl 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etdiyi və konfransda Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslərlə birlikdə panel müzakirəsində Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasının perspektivlərini müzakirə etdikləri bildirilib. Vurğulanıb ki, işgüzar səfər və Münxen Təhlükəsizlik Konfransında iştirakdan əvvəl isə fevralın 10-da Azərbaycanın yüksək səviyyəli biznes nümayəndə heyətinin səfəri olub. Almaniya tərəfi nümayəndə heyətini Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyində qəbul edib.
“Hazırkı danışıqlarda ikitərəfli münasibətlər, iqtisadi və enerji siyasəti, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq. Azərbaycan Almaniyanı həm iqtisadi, həm də siyasi əməkdaşlıq baxımından Avropa İttifaqı çərçivəsində əsas strateji tərəfdaş kimi görür”, - deyə yazıda qeyd olunub.
Ötən il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində Almaniyanın enerji siyasətinin yeni vüsət almasının vurğulandığı məqalədə bildirilib: “Rusiyadan fosil yanacaq idxalının dayandırılması nəticəsində Avropanın təbii qaz bazarında boşluq yarandı. Bu boşluğu yeni və etibarlı tərəfdaşlar tərəfindən doldurulması vacib idi. Azərbaycan artıq neçə illərdir ki, Almaniyanın ən mühüm neft təchizatçılarından biridir. Azərbaycanın Avropa İttifaqı ilə yeni təchizat müqavilələrinə əsasən, Bakı Xəzər dənizindəki “Şahdəniz” yatağından hasil edilən təbii qazını Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan və Türkiyə ərazisindən keçməklə Yunanıstan, Albaniya və İtaliyaya nəql edir, bununla da Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Almaniya sənayesində təbii qazın keçid texnologiyası kimi ölkənin iqtisadi göstəricilərini qoruyub saxlayaraq, enerji keçid məqsədlərinin uğurla həyata keçirilməsi üçün vacib ötürücü olması ilə bağlı geniş konsensus mövcuddur”.
Həmçinin qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şaxələndirmə strategiyasına, davamlılığa və sosial yönümlü islahat tədbirlərinə əsaslanır. Geostrateji mövqeyi, beynəlxalq müqayisədə yüksək təhsilli gənc əhalisi, səmərəli dövlət siyasəti sayəsində indiyədək əsas diqqəti neft və təbii qazın hasilatı və emalına yönəltmiş ölkə iqtisadiyyatının müxtəlif sahələrdə yeni potensial yaratmaq üçün çoxsaylı imkanları var. Bu baxımdan kənd təsərrüfatı və turizm sahələrinin xüsusi vurğulandığı yazıda bildirilib ki, Azərbaycan 2023-cü ilin yanvar və mart aylarında Berlində keçirilən aparıcı beynəlxalq ticarət sərgisində, Beynəlxalq Yaşıl Həftə (IGW) və Beynəlxalq Turizm Mübadiləsi (ITB) tədbirində fəal iştirak edib. Bundan başqa, sərfəli enerji qiymətləri və əlavə əməkhaqqının verilməsi, eləcə də yaxşı təlim keçmiş mütəxəssislərin mövcudluğu, quru, dəniz və hava yolu ilə mükəmməl logistik əlaqələri sayəsində Xəzər regionu və Cənubi Qafqaz üçün dəyəri yüksək olan sənaye istehsalı və emalı müəssisələrinin yaradılması baxımından gözəl imkanlar var.
Bildirilib ki, Almaniya ilə iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı Azərbaycan üçün prioritet məsələ 2020-ci ildə Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurdakı Azərbaycan ərazilərinin yenidən qurulmasıdır. Üç beynəlxalq hava limanından başqa, azad edilmiş ərazilərdə xüsusilə beynəlxalq biznesin cəlb olunmasını stimullaşdırmaq üçün iqtisadi zonalar yaradılır. “Yaşıl zona” strategiyası bu regionun bərpaolunan enerji ilə tam təmin edilməsini və bu enerjinin ölkənin digər bölgələrinə, eləcə də digər dövlətlərə ixracını nəzərdə tutur. Günəş və külək enerjisi, həmçinin hidrogen istehsalının inkişafı üçün çox əlverişli coğrafi şərait var. Azərbaycanda bərpaolunan enerji üzrə potensialı təxminən 200 qiqavat təşkil edir ki, bu da alman şirkətləri üçün maraqlı imkanlar yaradır.
Diqqətə çatdırılıb ki, təhlükəsizlik ilə bağlı vəziyyətə gəldikdə, Azərbaycan Ermənistanla sülhün əldə olunmasına çalışır. Bunun üçün danışıqlarda müxtəlif beynəlxalq oyunçular - Rusiya, ABŞ və Avropa İttifaqı fəal iştirak edirlər. Ancaq indiyə qədər Ermənistan rəhbərliyi Baş nazir Paşinyanın sözlərini əməli ilə dəstəkləməyə tələsmir və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə Azərbaycana qarşı davamlı təxribatları prosesi ləngidir.
“Azərbaycan dövləti Konstitusiyasına uyğun olaraq, Qarabağdakı erməni sakinləri üçün bərabər vətəndaş və etnik azlıq hüquqlarına təminat verir. Artıq bununla bağlı Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında ilkin danışıqlar aparılıb. Azərbaycan üçün Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasını Ermənistanın Mehri rayonu vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirmək üçün Zəngəzur dəhlizindən istifadə regional inkişaf üçün çox vacibdir. Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması, eləcə də Azərbaycan ilə Ermənistan arasında dostluq və barışıq səylərinin təşviqi Avropanın, o cümlədən Almaniyanın da strateji maraqlarına uyğundur. Bu baxımdan Almaniya tərəfinin hazırda prosesin irəliləməsinə qonşu Ermənistandan daha çox sadiq olan Azərbaycanın niyyətinin bu münaqişənin hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində uzunmüddətli həllini tapmasını və bu baxımdan Bakının maraqlarına ciddi yanaşılmasını məqbul hesab etməsi yaxşı olardı.
Bu kontekstdə Prezident İlham Əliyevin bu səfəri həm Almaniya-Azərbaycan, həm də Avropa-Cənubi Qafqaz münasibətlərində yeni səhifənin açılmasına töhfə verə bilər”, - deyə məqalədə xüsusi vurğulanıb.