Avropa Parlamentinin Azərbaycanla bağlı vaxtaşırı qərəzli qətnamələri təşkilatın strukturunda olan bir sıra qüsurlar və boşluqlarla bağlıdır. Burada ilkin diqqəti çəkən məsələ bir qrup deputatın parlament adından qərar qəbul edə bilməsidir. 600-dən çox üzvünün olmasına baxmayaraq, ancaq hansısa siyasi yönümlü qrup toplaşaraq Avropa Parlamenti adından qərar qəbul edir. Amma ümumən parlament adından qərar qəbul etmək olmaz. Digər tərəfdən Avropa Parlamentinin səlahiyyətindən kənar məsələlərə eyni zamanda ona üzv olmayan ölkə barəsində qərarlar qəbul etməsi artıq “praktikaya” çevrilib. Bu tək Azərbaycanla bağlı deyil. Digər ölkələrə qarşı da bu cür yanaşma var.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O hesab edir ki, bu amil Avropa Parlamentinin özünün və çıxarmış olduğu qətnamələrin daha çox qərəzli olduğu qənaətinə gəlməyə əsas verir:
“Avropa Parlamenti tərəfindən bu cür qərəzli qərarlar qəbul edilərkən məsələ dərindən araşdırılmır. Sadəcə olaraq hansısa bir məsələyə simpatiyası olan bir və yaxud, bir neçə deputatın mövqeyi səsə qoyularaq qərar kimi qəbul edilir. Bu cür məsələlərə səs verənlərin isə əksəriyyətinin məsələ barəsində məlumatı yoxdur və yaxud da həmin bölgədə olmayıb. Ona görə də Azərbaycanla bağlı qərarlar Avropa Parlamentini özünün müstəqilliyindən, nüfuzundan kənara çəkilərək Ermənistan parlamentinin bir komitəsinə çevrilmiş bir qurum kimi fəaliyyət göstərdiyini nümayiş etdirir. İrəvandan göndərilən tezislər tələsik Avropa Parlamenti tərəfindən bir qətnamə kimi qəbul edilir. Dünyada beynəlxalq hüququn aliliyini təsbit edən bir parlament nədənsə, bu dəyərləri tapdalayan bir quruma çevrilməyə başlayıb”.
Deputat deyib ki, Azərbaycanın ərazi bütövlüyü, öz ərazisində suverenliyini təmin etmək hüququ mövcuddur: “Ölkəmizin ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Belə olan halda hansısa bir “Laçın dəhlizi” və yaxud ki, “blokadaya alma” söhbəti ola bilməz. 20-25 min ermənidən ötrü 10 milyon yarımlıq Azərbaycan dövlətini atəşə tuş gətirmək heç də düzgün yanaşma deyil. Digər tərəfdən bu gün erməni icmasının hüquqları heç də pozulmayıb. Onlar bu gün Azərbaycan qanunlarından kənar fəaliyyət göstərir və separatizmi təbliğ edirlər. Belə çıxır ki, Avropa Parlamenti separatizmə “hə” deyir. Digər ölkələrdə də separatizmi alovlandıran elə ilk növbədə Avropa Parlamentinin özüdür”.
Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsində ölkəmizin müstəqil siyasət yürütməsinin Avropanın müəyyən dairələrinin xoşuna gəlməməsi faktı da var:
“Azərbaycan öz sərvətlərinə, milli maraqlarına uyğun olaraq sərəncam verir. Ölkəmiz beynəlxalq birlikdə nüfuzlu dövlətə çevrilib. Onun Qoşulmama Hərəkatına uğurlu sədrliyi göz önündədir. Hərakat tarixində ancaq Misir bu təşkilata 6 il sədrlik edib. Azərbaycan isə artıq 5-ci ildir ki, təşkilata sədrlik edir. Üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyi dövründə təşkilatın işinin canlandığının, beynəlxalq birlikdə nüfuzunu bərpa etdiyi dəfələrlə vurğulanıb. Eyni zamanda Prezident İlham Əliyevin beynəlxalq miqyasda siyasi fiqura çevrilməsinin özü də göz önündədir. Onun apardığı siyasət bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Bu gün Azərbaycan qazı ilə Avropa isidilir. Rahatlıq görən Avropa Parlamenti isə ölkəmiz əleyhinə onun rahatlığını təmin edən bir dövlətə qarşı qərəzli mövqe tutur. Belə qərəzli mövqelər mümkündür ki, bundan sonra da davam etsin. Amma Azərbaycanı öz müstəqillik prinsipindən əl çəkməyə, ölkəmizi ərazi bütövlüyünü kimlərəsə, güzəştə getməyə heç kəs məcbur edə bilməz. Azərbaycan xalqı müstəqilliyini ona görə qazanmayıb ki, xaricdə bir qrup siyasətçinin diqtəsi ilə öz müstəqillik taleyinin həll edilməsinə imkan versin”.