"Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır".
Teleqraf.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Bir millət iki dövlət” fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir", - məktubda vurğulanıb.