“Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən Qarabağdakı erməni icmasının nümayəndələrinin ikinci görüş üçün Bakıya dəvət edilməsi dövlətimizin humanizm siyasətinin bariz nümunəsidir. Ermənilərin Bakıya dəvət olunması və burada onlarla görüşlərin keçirilməsinin planlaşdırılması nəcib təşəbbüs olmaqla yanaşı, indiki stiuasiyada çox vacib addımdır. Sülhə və sabitliyə hesablanmış bu cür addımları həm Ermənistan, həm də beynəlxalq təşkilatlar tərəfindən alqışlamalıdırlar”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına xidmət edən bu cür görüşlər reallaşmasa, Qarabağda anti-terror əməliyyatl keçirilməsi qaçılmaz olacaq. Hələlik Azərbaycan dövləti humanizmə söykənərək danışıqlar yolu ilə problemin həllinə çalışır. Qarabağda yaşayan dinc ermənilər oradakı separatçı rejimin girovuna çevriliblər. Bir qismi isə Ermənistandakı bəzi dairələrin və diaspor təşkilatlarının vədlərinə aldanırlar. İnanıram ki, ermənilərlə keçiriləcək görüşlər onları xam xəyallardan, xülyalardan uzaqlaşdıracaq, anlayacaqlar ki, yeganə çıxış yolu Azərbaycan vətəndaşlığını qəbul edib, onun qanunlarına tabe olmaqdır.
R.Alıyevə görə, Qarabağ ermənilərilə hökumət nümayəndələrinin görüşü bəzi xarici dairələrin maraqlarına cavab vermir: “Heç kəsə sirr deyil ki, Cənubi Qafqazda münqişənin həllini istəməyən qüvvələr var. Münaqişənin qalması həmin qüvvələrə imkan verir ki, Azərbaycanı və Ermənistanı təsir altında saxlasınlar, həmçinin öz mövcudluqlarını regionda qoruyub saxlasınlar. Rəsmi Bakı bu cür görüşlər keçirməklə böyük güclərin Cənubi Qafqazla bağlı məkrli planlarını pozur. Bir müddət öncə Xocalıda yerli ermənilərlə görüşlərin keçirilməsi inteqrasiya yolunda atılmış ilk addımlardan idi. Təbii ki, separatçılar buna mane olmağa çalışacaqlar. Əks təqdirdə onlar xaricdən edilən qeyri-qanuni yardımlıardan məhrum olacaqlar. Qarabağdakı sadə ermənilər düşmənçilikdən, qeyri-sabit vəziyyətdən beziblər. Onsuz da onların Azərbaycan daxilində dinc, qanunlar çərçivəsində yaşamaqdan başqa çıxış yolları qalmayıb”.
Politoloq bildirdi ki, Qarabağdakı ermənilərin Azərbaycanın paytaxtına və digər bölgələrə səfər etmələrinə şərait yaradılmalıdır: “Onlar ölkəmizdəki inkişafı öz gözlərilə görməlidirlər. Bakıya gələcək ermənilər həm də gedib Xankəndidə inteqrasiya ilə bağlı təbliğat işləri aparmalıdırlar. Yəqin ki, bunu edəcəklər. Anlayacaqlar ki, revanşizm, separatizm onların sonu deməkdir. Onlar ya Azərbaycan vətəndaşları olacaqlar, ya da Xankəndi-Laçın yolu ilə geri qayıtmamaq şərtilə ölkəmizi tərk etməlidirlər. Rəsmi Bakı Xankəndi ermənilərinə mesajını çox açıq şəkildə bildirirb. Düşünürəm ki, indi onlar yaranmış şansdan, fürsətdən istifadə etməlidirlər, sonra gec olacaq”.