15 Mart 2023 12:50
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi ilə yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdur. Hətta rektor işlədiyim vaxtlarda aramızda bir məsələ ilə bağlı fikir ayrılığı da olub. Ancaq son zamanlar Dövlət İmtahan Mərkəzinin hədəfə alınması, ləğvi ilə bağlı fikirlər səsləndirilməsini yanlış və bir sıra hallarda məqsədli hesab edirəm.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O hesab edir ki, hər bir qurumun fəaliyyətindən, qəbul etdiyi qərarlardan kimlərsə narazı ola bilər:

“Ancaq bu o demək deyil ki, qurum və ya sistem ləğv edilməlidir. Hesab edirəm bu gün ölkədə fəaliyyətini ən peşəkar səviyyədə quran qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir. Əgər kimsə düşünürsə ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq, yanılır. Onsuz da bu gün uzun illərdir yaranmış ənənələrin mərhələli və məqsədli şəkildə pozulduğunu bir sıra hallarda müşahidə edirik. İmtahanların çətin olması fikrinə gəldikdə isə bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər. Bu gün hesab edirəm onsuz da ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Biz hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik. Valideynlərə və bizim dəyərli övladlarımıza gəldikdə isə bilməliyik ki, bu gün şəffaf şəkildə imtahan prosesində iştirak etdiyimiz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik”.

Deputatın fikrincə, bu gün Dövlət İmtahan Mərkəzinin ləğvi, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların heç da hamısının niyyəti saf və təmiz deyil:

“Burada çirkin məqsəd və niyyətlər də var. Bəzilərinin buna biznes gözü ilə baxması da istisna deyil. Ona görə hissə qapılaraq total hücuma keçib kimlərinsə dəyirmanına su tökməyək. Eyni zamanda hesab edirəm Dövlət İmtahan Mərkəzi də narazılıqları görməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır. Əgər hansısa məsələdə obyektiv narazılıq varsa, bu, ciddi təhlil edilməli, nəticələr ictimaiyyətə açıqlanmalıdır. Təhsilimizi qoruyaq, onun təəssübünü çəkək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər