16 Mart 2023 11:51
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasından asılı olmayaraq müharibə riski kifayət qədər böyükdür. Çünki problemlər həll olunmamış qalır. Əgər bu məsələlər həllini tapmayıbsa, o zaman da bu problem yekun olaraq danışıqlarla deyil, müharibə yolu ilə həll oluna bilər. Görünür, Paşinyan məsələlərin sülh yolu ilə həll edilməsinə hazır deyil. Buna risk də etmir. O, Ermənistan cəmiyyətində özünün arqumentləri ilə aqressiv ritorikaya köklənmiş qüvvələri inandıra bilmədi.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Ermənistan daha bir dəfə də ciddi zərbə almalıdır ki, bundan sonra artıq real qərarl

ar qəbul etməyə yaxınlaşsın:

“Çünki ilk zərbədən sonra Ermənistanın yenə də illuziyalara qapılması üçün Fransa, İran, digər Avropa dövlətləri, xüsusilə də Almaniya və başqa ölkələr bir sıra cəhdlər etdilər. Bunun fonunda Ermənistana müəyən vədlər verdilər. Ermənistan isə nəticədə yenə də bu vədlərin girovuna çevrildi. Halbuki müharibənin nəticələri göstərdi ki, sülhün əldə edilməsi, kommunikasiya xətlərinin açılması Ermənistanın yenidən dirçəlişi üçün alternativsiz yoldur. Bundan istifadə etmədiyinə görə, Ermənistan üçün yenə də ciddi problemlərin yaşanması labüddür”.

Partiya sədrinə görə, bu açıqlamalar o zaman baş verdi ki, Azərbaycan bilavasitə Ermənistana birmənalı şəkildə müəyyən dəstək göstərən Almaniya ilə münasibətləri normallaşdırdı:

“Almaniya tərəfindən səslənən ifadələrdə “Dağlıq Qarabağın müqəddəratını həll etmə" anlayışlarını demək olar ki, ortadan qaldırmış oldu. Almaniya kanslerinin dilindən bunun əks ifadəsini eşitdik. Çünki o da beynəlxalq hüquqa daha sayğın bir mövqe sərgiləməyə məcbur oldu. Belə bir vəziyyətdə Ermənistanın aqressiyanı davam etdirməsi yeni bir riski, müharibə təhlükəsini aktuallaşdırır”.

Fazil Mustafa hesab edir ki, yeni müharibə riski Azərbaycan üçün də ciddi hazırlıq tələb edən bir proses, mərhələdir:

“Azərbaycan tərəfi ciddi şəkildə bəndi-bərəni möhkəmləndirməlidir. Arxayın olmamalıyıq. Çünki bizdə ən böyük problem arxayınlıq ola bilər. İlk növbədə Laçın yolu ilə bağlı məsələni həll etməliyik. Yəni, burada artıq Rusiyanın mövqeyinin hansı şəkildə olması məsələsinə də daha sərt bir mövqe qoyulmalıdır. Burada Azərbaycan tərəfi rus sülhməramlıları ilə hər hansı bir konfiliktə getmir və beləliklə öz maraqlarımızın təmin olunması məsələsini ortaya qoyuruq. Buna kimsə etiraz edə bilməz. Eyni zamanda bu kimi məsələlərdə Rusiyanın öz öhdəliyini yerinə yetirə bilməməsi və yaxud da bunu istəməməsi Azərbaycana əsas verir ki, konkret bölgədə olan strateji yolu nəzarətə götürsün. Azərbaycanın reallığı budur. Amma hər bir halda Paşinyanın son açıqlamaları ciddi şəkildə Azərbaycan tərəfi olaraq bizi də müharibəyə hazır olmağa sövq edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər