24 Mart 2023 12:46
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin raket arsenalının ABŞ-ın raket arsenalını tədricən üstələdiyi yazılıb. Amerikalı konqresmenlər Rusiya və Çinlə mübarizə aparmaq üçün Amerikanın nüvə potensialının artırılması vacibliyini bildiriblər. Vaşinqton hesab edir ki, Pekinin Moskva ilə yaxınlaşmasının məqsədi ABŞ-ın gücünü zəiflətməkdir. Pekinin Rusiyanın Ukraynada apardığı müharibəyə verdiyi gizli dəstək bununla bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.

Qeyd olunub ki, “The Sydney Morning Herald” dərgisində yayımlanan məqalədə ABŞ-ın Çini durdurmaq üçün Avstraliyanı atom sualtı gəmiləri ilə təhciz edəcəyi yazılıb: "Bu, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında ittifaq) formatı çərçivəsində həyata keçiriləcək. ABŞ, Böyük Britaniya və Avstraliyanın liderləri Amerikanın San-Dieqo şəhərində keçirdikləri son zirvə görüşündə Çinin siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Rusiya-Çin ittifaqı ABŞ-ı AUKUS formatı çərçivəsində strategiyasını gücləndirməyi diqtə edib. Amerika Çinə həmsərhəd olan dövlətləri də gücləndirməyə qərar verib. Bu sırada Hindistan, Vyetnam, Yaponiya, Avstraliya gəlir. Vaşinqton eyni zamanda Mərkəzi Asiya ölkələrinin Çindən və Rusiyadan asılılıqlarını azaltmaq üçün müxtəlif təşəbbüslər həyata keçirməyə çalışır. ABŞ Senatında çıxış edən milli kəşfiyyat rəhbəri Evril Heyns senatorları bu sözlərlə xəbərdar edib: “Pekin Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirdikcə Amerika və onun müttəfiqlərinə qarşı yeni təhlükələr yaradır”.

Pekin Vaşinqtondan çəkinmədiyini göstərməyə çalışır".

Vurğulanıb ki, Çinin üçüncü dəfə rəhbəri seçilən Tsi Cinpin mübarizəyə hazır olduğunu nümayiş etdirir: "Böyük Britaniyanın baş naziri Rişi Sunak son 18 ayda dünyadakı problemlərin artdığını vurğulayıb: “Ukraynadakı işğalçı müharibə davam edir, İran və Şimali Koreya beynəlxalq aləmə təhlükələr yaradırlar. Çinin artan hərbi gücü və qonşularına təhlükə yaratması da əsas müzakirə mövzularından biridir”.

Vaşinqton və London Avstraliyanı hərbi nöqteyi-nəzərdən gücləndirməyə qərar veriblər. Birinci mərhələdə avstraliyalı dənziçilərə atom sualtı gəmilərini idarə etmək öyrədiləcək. İkinci mərhələdə ABŞ 2027-ci ilə qədər Avstraliyanın hərbi-dəniz bazasında “Virginia” tipli 4 atom sualtı gəmisi yerləşdirəcək. Böyük Britaniya isə “Astute” tipli atom sualtı gəmisini Avstraliya limanına gətirəcək. Üşüncü mərhələdə ABŞ və Böyük Britaniya Avstraliyaya yerli sualtı gəmilərin istehsalına da kömək edəcəklər.

Vaşinqton hərbi gücünü artırmaqla yanaşı Pekinlə dialoqdan da imtina etmək istəmir. Ancaq dialoq hələ ki, alınmır. Birincisi, dövlət katibi Entoni Blinken fevral ayının əvvəlində Pekinə səfər hazırlaşarkən, Amerika səmasında Çinə məxsus kəşfiyyat şarları aşkarlandı. Bu Blinkenin Pekinə səfərinin təxirə salınmasıyla nəticələndi. İkincisi, ABŞ-ın Çinə qarşı sanksiyaları artıb. Sanksiyaya məruz qalanlar içərisində Çinin yeni müdafiə naziri Li Şanfu da var. O Rusiyadan Cu-35 hərbi təyyarələri və C-400 raket kompleksləri aldığına görə sanksiya siyahısına salınıb. Belə olan halda Pentaqon rəhbərinin çinli həmkarıyla görüşü mümkünsüzdür. Üçüncüsü, Çin lideri Tsi Cinpinin Moskvaya iki günlük səfəri və Rusiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək qərarı Vaşinqtonla Pekin arasında dialoqa mənfi təsir edib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər