Video əlavə olunub:
***
Azərbaycanın Laçın yolu ilə bağlı məsələlərdə addım-addım irəliləməsi və orada nəzarəti tam ələ alması gözlənilən gərginliklə müşahidə olunmalı idi. Ölkəmiz sözsüz ki, buna da hazırdır. Bütün hallarda Azərbaycan hadisələrin inkişafını öz nəzarəti altında diqqətlə izləyir.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycan öz ərazisinə hər hansı bir şəkildə kənar müdaxilə imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır:
“Hər hansı bir dövlətin bu məsələdə Azərbaycana təzyiq göstərməsinə də izin verilmir. Eyni zamanda Azərbaycan tərəfi olaraq sülh danışıqları üçün də real addımlar atmağa hazır olduğunu göstərir. ABŞ-ın sülh təşəbbüsü ilə bağlı təmaslarına da Azərbaycan tərəfindən laqeyd bir yanaşma yoxdur. Amma bütün hallarda bölgədə hərbi yüklərin daşınmasının birdəfəlik qarşısını almaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır”.
Fazil Mustafa hesab edir ki, Xankəndi yolunda və digər alternativ istiqamətlərdə Azərbaycan tərəfindən artıq konkret addımlar atılıb:
“Bu ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bir məsələdir. Azərbaycan Ermənistanla sülh bağlamaq, Qarabağ ermənilərinin inteqrasiyasını təmin etmək və buna şərait yaratmaq niyyətindədir. Qarabağ erməniləri Azərbaycanın suverenliyni qəbul etdikləri təqdirdə onlarla normal münasibətlərin qurulmasının mümkünlüyünü Azərbaycan nümayiş etdirir. Eyni zamanda separatçı, terrorçu və yaxud qanuna zidd davranışların baş verməməsi üçün də zəruri addımlar atılır. Sözsüz ki, indiki halda gərginlik var. Amma bu kimi gərgin situasiyaların Azərbaycana təsir etmək imkanları yüksək deyil. Azərbaycan bütün təhdidlərə qarşı adekvat reaksiya verməyə qadirdir”.