Video əlavə olunub:
***
Azərbaycan öz ərazisində bütün yolları, keçidləri nəzarətə götürmək səlahiyyətinə malikdir. Bu məsələyə kənar müdaxilələrin olması qeyri-mümkündür. Ona görə də, Qarabağda yaşayan erməni icmasının guya blokadaya alınması ilə bağlı səslənən fikirlər tamamilə əsassızdır. Çünki burada heç bir blokada və yolun bağlanmasından söhbət getmir. Laçından Xankəndiyə gedən yol açıqdır və hər gün onlarla humanitar məqsədli avtomobilin burada keçidi müşahidə edilir. Sadəcə olaraq Azərbaycan dövləti bölgədə separatizmin birdəfəlik məhv olması üçün zəruri addımlar atır. Görünür, bu addım separatçıları müdafiə edənləri ciddi şəkildə narahat edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan öz ərazisindən sonuncu separatçı çıxarılana qədər zəruri tədbirlər görəcək:
“Onların ərazini tərk etməmələri məhv olmaları ilə nəticələnəcək. Burada separatçıların dələduzluq yolu ilə müxtəlif əməllərə əl atmalarının qarşısı qətiyyətlə alınır. Bütün bunların nəticəsində yaxın günlərdə çoxdan arzulanan bir məsələ həyata keçiriləcək. Bu da Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsinin yaradılması ilə bağlıdır”.
Deputat deyib ki, separatçılar hansı meşə yolundan istifadə etməsindən asılı olmayaraq nəhayət sərhəd-buraxılış məntəqəsindən keçməli olacaqlar:
“Ona görə də burada qeyri-adi heç nə yoxdur. Tarix boyu başqalarının əlində alət olmuş ermənilərə də aydın olmalıdır ki, onları şirnikləşdirənlər də bu prosesə maneə ola bilməyəcək”.
Elman Məmmədov hesab edir ki, II Qarabağ müharibəsinin başa çatmasına baxmayaraq hələ də Azərbaycan ərazisində 10 minə yaxın Ermənistana məxsus hərbi silahlı kontingent mövcuddur:
“Bölgədə separatçıların da qalması Azərbaycanı zəruri addımlar atmağa məcbur edir. Çünki hər bir müstəqil dövlət öz təhlükəsizliyi üçün bu cür tədbirlər görməkdə sərbəstdir. Azərbaycan da məhz bu konteksdə ərazisində qalmaqda olan separatçılara və qanunsuz silahlı birləşmələrə qarşı ən sərt tədbirlər görəcək”.