Həmkarım Fazil Mustafaya qarşı silahlı hücum terror aktıdır. Burada dövlətlə xalq arasındakı birliyə zərbə vurmaq, ölkədə sabitliyi pozmaq üçün atılan məkrli niyyət var. Bu cür qüvvələr Azərbaycanın dövlət müstəqilliyini və güclənməsini, regionda söz sahibi olmasını, qlobal miqyasda nüfuzunun artmasını həzm edə bilmirlər. Ona görə də, kənar qüvvələr ən müxtəlif rakurslarda özlərinin çirkin planlarını həyata keçirməyə çalışırlar. Sözsüz ki, millət vəkili Fazil Mustafaya qarşı olan qanlı silahlı hücum da həmin epizodalardan biridir.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Partiya sədri millət vəkili Fazil Mustafaya qarşı qanlı terror hücumu fonunda deputatların özünü müdafiə üçün silahla təminatı məsələsinə də aydınlıq gətirib:
“Ölkə qanunverciliyində millət vəkillərinin silahla təmin olunması mövcuddur. Bu qanun qəbul edildikdən sonra ilk dönəmdə millət vəkillərinə silahlar verilmişdi. Lakin sonradan millət vəkillərinin əksəriyyəti silah daşımağa ehtiyacın olmadığını bildirdilər. Ölkəmizdə mövcud olan sabitlik buna zərurət olmadığı amilini ortaya qoydu. Sözsüz ki, bu məsələ də hər bir millət vəkilinin fərdi yanaşması ilə izah olunmalıdır. Ona görə də, deputatlardan hər hansı biri Daxili İşlər Nazirliyinə müraciət edib qanunvericiliyə uyğun olaraq silah verilməsini xahiş edə bilər. Ola bilsin ki, kimlərsə buna ehtiyac duymasın”.
Deputat millət vəkillərinin və xalqımızın təhlükədə olması fikirlərinin absurd olduğunu söyləyib:
“Ölkəmizdə hüquq-mühafizə orqanları fəaliyyətlərini ən yüksək səviyyədə qura bilib. Vaxtaşırı olaraq bir sıra ölkələrin agentura şəbəkəsi ifşa edilir. Sözsüz ki, bu cür şəbəklərin də fəaliyyətinə birdəfəlik son qoyulacaq”.
Fəzail Ağamalı bəlli dönəmdə digər millət vəkilləri kimi özünün də silah daşıdığını bildirib:
“Amma o silahdan qətiyyən istifadə etmədim. Onun heç bir patronunu belə atmamışdım, sadəcə olaraq üzərimdə gəzdirirdim. Daha sonra ümumi yanaşma oldu ki, daha silah gəzdirməyə ehtiyac yoxdur. Biz də silahı təhvil verdik. Bundan sonra silah gəzdirməyə ehtiyac duymadım. Amma məsələyə daha real yanaşmaq lazımdır. Çünki məkirli qüvvələrin, agentura şəbəkəsinin millət vəkilini və digər siravi vətəndaşı aradan götürmək niyyəti varsa, bunun qarşısının alınmasında tapançanın gücü yetərsizdir. Bu sadəcə o mesajı verə bilər ki, deputatda silah var. Sözsüz ki, qəsd planı quranlar da bu amili nəzərə almamış deyillər. Ona görə də, son dərəcə diqqətli və ayıq olmalıyıq. Xarici agentura şəbəkəsinin ifşasında hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq etməliyik”.