1 Aprel 2023 11:16
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandııb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Azərbaycanın öz sərhədlərində təhlükəsizliklə bağlı gördüyü qabaqlayıcı tədbirlərə kənardan fərqli yanaşmaların olmasını necə şərh etmək olar? Bunu bir dövlətin daxili işlərinə qarışmaq kimi izah etmək olarmı?

- Azərbaycan Konstitusiyası dövlətin üzərində məsuliyyət qoyur ki, ölkə sərhədləri mütləq nəzarətə götürülsün. Bunun üçün heç bir beynəlxalq zəminə ehtiyac yoxdur. Burada həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına istinad var. Çünki ümumdövlət anlayışına görə də, hər bir dövlət öz sərhədlərinə nəzarət etməlidir. Ona görə də, burada nəyəsə əsaslanmağa heç bir ehtiyac yoxdur. Burada üçtərəfli bəyanat da Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqda verilmiş hər hansı bir hüququn məhdudlaşmasına səbəb ola bilməz. Çünki bəyanatda beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına zidd məqamlar varsa, Azərbaycan hökuməti də yalnız ölkə Konstitusiyasını əsas götürə bilər. Burada dövlət sərhədləri ilə bağlı məsələ də eyni prinsiplərlə nəzərə alınmalıdır.

- Üçtərəfli razılaşmadan imtina ilə bağlı fikirlər səslənir. Bu nə dərəcədə məntiqlidir?

- Əgər burada Azərbaycan Konstitusiyasına zidd müddəalar varsa, bu sənədin hansısa formada hazırlanmasının heç bir əhəmiyyəti yoxdur. Çünki kənarda olanlar Azərbaycan Konstitusiyasının prinsiplərinə bələd ola bilməzlər. Bu baxımdan da burada Azərbaycan Konstitusiyası üstün hüquqa malikdir. Üçtərəfli bəyanatla da öz maraqlarımıza zidd və təmin olunmamış məsələlər qalacaqsa, bundan imtina labüd olacaq.

- Ermənistanın şərti sərhəddə baş verənlərlə bağlı iddiaları hansı məntiqə uyğun gəlir?

- Azərbaycanla Ermənistan arasında bu günə qədər konkret sərhəd xətti müəyyənləşməyib. Əgər bu sərhəd xətti müəyyənləşməyibsə erməni tərəfinin nəyi əsas gətirib buna etiraz etməsi absurd görünür. Çünki iki dövlət arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı razılıq da mövcud deyil. Erməni tərəfinin hansısa torpaq iddiasında olması bunu öz sərhədi kimi təqdim etmək anlamına gələ bilməz. Azərbaycan isə özünün hesab etdiyi ərazilərdə zəruri işlər görür.

- Hazırkı proseslər sülhə məcburetmə kimi dəyərləndirilir. Bu nə dərəcədə məntiqli yanaşmadır?

- Sülh hər bir dövlətin öz maraqlarını nəzərə alıb qəbul edəcəyi bir qərarla bağlıdır. Əslində Ermənistanla sülhün imzalanması Azərbaycan üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu, daha çox ermənilərin özlərinə lazımdır. Sadəcə olaraq ermənilər müstəqil siyasət yürüdə bilmədiklərindən bu baş tutmur. Eyni zamanda Fransa, İran və Rusiyanın təhriki də Ermənistanı Azərbaycanla mümkün sülhdən uzaqlaşdıran amillərdəndir.

- Tərəflər arasında yenidən hərbi qarşıdurmanın olması mümkündürmü?

- İrimiqyaslı müharibənin olması ehtimalı azdır. Amma zaman-zaman hərbi qarşıdurmaların olması qaçılmazdır. Çünki indiki atəşkəs rejimidir. Bu o deməkdir ki, müharibə rejimi olsa da real hərbi qarşıdurma mövcud deyil. İndiki halda isə Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir. Ona görə də, döyüş əməliyyatları hər an aktivləşə bilər. Hazırda tərəflər arasında daha çox informasiya müharibəsi gedir.

- Baş verənlər tərəfləri sülhdən nə qədər uzaqlaşdırır?

- Proseslərin indiki inkişafı sülhün daha çətin bir şəkildə inkişafına doğru gedir. Çünki qarşılıqlı iddialar səslənir. Bu iddiaların sayı da getdikcə artır. Burada şərtlər çoxaldıqca tərəflərin razılığa gəlməsi də çətinləşir. Artıq zaman sülh prosesinin əleyhinə işləyir.

- ABŞ-ın sülhlə bağlı təşəbbüslərinin prosesə təsiri olacaqmı?

- Burada heç kəs Azərbaycanla Ermənistan arasında konkret sülhün bağlanmasını məqsəd kimi qarşıya qoymur. Sadəcə olaraq prosesdə vasitəçilik edən hər bir dövlət sülh müqaviləsi üzərindən özünün Cənubi Qafqazda təsirlərinin təmin olunmasına çalışır. Avropa Birliyinin, Vaşinqtonun bu prosesdə yer alması onların bölgəni öz təsirlərinə qatmaq niyyətləri ilə bağlıdır. Əgər burada Rusiya da yer alırsa, sözsüz ki, Moskva da öz maraqlarını qabartmağa çalışacaq. Təbii ki, konkret sülh müqaviləsi hansı dövlətin iştirakı ilə imzalanacaqsa, bundan sonrakı dövrdə onun bölgədə təsir imkanları güclənəcək.

- Rusiyanın Azərbaycanla Ermənistanın birbaşa danışıqlara başlamasına dair açıqlaması var. Bunu Rusiyanın prosesdən çəkilməsi kimi izah etmək olarmı?

- Təbii ki, Rusiyanın heç bir bəyanatı səmimi deyil. Çünki heç vaxt Rusiya imkan verməz ki, Azərbaycanla Ermənistan ikitərəfli qaydada danışıqlara getsin. Bunun məhz Rusiya tərəfindən açıqlanması o deməkdir ki, həmin danışıqlar yenə də Moskvanın iradəsi ilə başa tutacaq. Ona görə də, bunu da prosesə müdaxilə kimi dəyərləndirmək lazımdır. Sözsüz ki, cür bəyanat Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən verilsə, bu, təsirli yanaşma kimi qiymətləndirilər. Eyni zamanda üçüncü tərəf iki tərəfin görüşünün olacağını deyirsə, deməli bunu o təşkil edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər