29 Mart 2023 21:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq işğaldan azad edilən bütün ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işləri yeni bir məcraya yüksəlib. Bu gün azad edilmiş ərazilərdə Azərbaycan dövləti üçüncü beynəlxalq hava limanının tikintisini böyük sürətlə davam etdirir. Qısa zamanda 30 ilə yaxın viran edilmiş, daşı-daş üstündə qalmamış tarixi torpaqlarımızda həyat canlanmağa başlayıb. Ermənistanın 10 illərlə əraziyə basdırmış olduğu mina təhlükəsinə və onların təmizlənməsi ilə paralel olaraq zəruri infrastruktur işləri yüksək səviyyədə icra edilir. Böyük Qayıdış proqramına uyğun olaraq bütün işlər ardıcıllıqla yerinə yetirilir. İşğaldan sonra özünün yeni mərhələsini yaşayan rayonlarımızdan bir də Laçındır. Laçın qısa zamanda özünün əvvəlki görkəmini bərpa etməklə yanaşı bölgənin çiçəklənən və inkişaf edən məkanına çevriləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, Qarabağ müharibəsi nəticəsində işğalçı Ermənistan kapitulyasiya aktına imza atmaqla Azərbaycan özünün beynəlxalq hüquq tərəfindən tanınan hüquqlarını bərpa etdi: “Ölkəmizin dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. Sözsüz ki, Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz döyüş meydanında öz gücü və xalqımızın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu tarixi qələbə sözsüz ki, digər siyasi reallıqların da təminatı üçün başlıca zəmin yaratdı. Azərbaycanın döyüş meydanında qazandığı tarixi qələbə hərbi-siyasi müstəvidə də uğurlarının təminatçısı oldu. Məhz Azərbaycanın hərbi-siyasi yolla qazandığı misilsiz qələbə nəticəsində Ağdam, Laçın və Kəlbəcər rayonu bir güllə atılmadan düşmən işğalından azad edildi. Bu Azərbaycanın yaratmış olduğu yeni reallığın siyasi müstəvidə növbəti təntənəsi idi. Çünki 30 il bütün beynəlxalq təşkilatların çıxarmış olduğu qərarları qulaq ardına vuran əhəmiyyətsiz yanaşan işğalçı Ermənistan ilk dəfə idi ki, götürdüyü öhdəliyi məcburi şəkildə icra edirdi. Bu Azərbaycan xalqı və onun Lideri qarşısında düşmənin növbəti məğlubiyyəti kimi də dəyərləndirilir”.

Deputat deyib ki, artıq dövlətimiz işğaldan azad olunan bütün ərazilərdə sürətli və ardıcıl bərpa-quruculuq işləri həyata keçirir: “Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramının bütün istiqamətləri üzrə icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulunun tətbiqi sayəsində yeni bir yanaşma ortaya qoyulub. Bu baxımdan mart ayının 28-də Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürü hesab edilir. Laçında həyata keçirilən bərpa-quruculuq layihələri haqqında ölkə başçısının xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin güclü iqtisadi potensialı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qısa zamanda qayıtmalarını təmin edəcək. Sözsüz ki, ölkəmizin ən böyük rayonlarından bir olan Laçının da özünəməxsus inkişaf xüsusiyyətləri burada mühüm önəm kəsb edir. Rayonun çox böyük potensialı var. Təbii ki, dövlətimiz Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra burada rahat yaşamaları üçün lazım olan bütün tədbirləri görəcək”.

Millət vəkili bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq hava limanı Laçın şəhərində inşa edilir: “Coğrafı cəhətdən çətin bir relyefə malik ərazidə Azərbaycan dövlətinin beynəlxalq standartlara cavab verən aeroport inşa etməsi iqtisadi-siyasi gücümüzlə yanaşı əzm və iradəmizin də nümayişi hesab edilir. Atılan addımlar, Laçında formalaşan infrastruktur və yeni yaşayış evlərinin tikilməsi bu ilin sonuna keçmiş məcburi köçkünlərin artıq bəlli qisminin öz doğma torpaqlarına qayıdacağını təmin edəcək. Çünki proqrama əsasən bu ilin sonuna qədər on minə yaxın bəlkə də daha çox laçınlının ata-baba yurdlarına köçürülməsi nəzərdə tutulub”.

Eldar Quliyev vurğulayıb ki, Laçın rayonunda digər mühüm məsələlərdən bir də ətraf mühitin qorunmasıdır: “Ermənilər işğaldan azad olunan digər bölgələrimizdə olduğu kimi Laçın rayonunda da çox ciddi ekoloji terror törədib, ərazinin təbiətinə ciddi ziyan vurub. Bu baxımdan dövlətimiz mümkün infrastruktur layihələri ilə yanaşı ətraf-mühitin bərpasına da xüsusi həssaslıqla yanaşır ki, qısa zamanda bu bölgədə ekoloji tarazlıq bərpa edilsin. Sözsüz ki, atılan addımlar Laçının da digər bölgələrimiz kimi inkişaf edən, çiçəklənən bir diyara çevrilməsini təmin edəcək. 30 ilə yaxın öz yurd-yuvalarından uzaq düşmüş laçınlılar ata-baba ocaqlarına geri dönərək burada əbədi olaraq, təhlükəsiz bir şəraitdə xoşbəxt yaşayacaq. Bütün bu amillərin qarantı isə güclü, inkişaf edən, qalib Azərbaycan dövlətidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər