Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, son zamanlar Azərbaycanla Ermənistan arasındakı gərginlik artıb. Bu, tərəflər arasında real müharibə riskinin artmasına nə dərəcədə təsir göstərə bilər?
- Azərbaycan-Türkiyə müttəfiqliyi bizə qarşı Ermənistanın və qeyrisinin hərbi əməliyyatlar aparmaq imkanlarını aşağı salır. Burada balans bizim xeyrimizədir. Amma bunun fonunda Azərbaycanla Ermənistan arasında lokal toqquşmaların olması istisna edilmir. Eyni zamanda Azərbaycanın öz ərazisində irimiqyaslı anti-terror əməliyyatları aparmağa imkanı və ixtiyarı var. Ermənistan öz anneksiya siyasətindən əl çəkməsə, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasa, təbii ki, anti-terror əmliyyatlarının başlaması qaçılmaz olacaq. Çünki istənilən dövlət bu cür vəziyyətlə barışa bilməz.
- Ötən il tərəflər arasında sülhlə bağlı müsbət proqnozlar var idi. Amma bu baş vermədi. Nəhayət bu ilin sülh olacağına inam qalırmı?
- Keçən il Ermənistan ümumi şəkildə bəyanatlar səviyyəsində çoxtərəfli sənədlərlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini guya tanıdığını elan edib. Amma praktiki olaraq görünən odur ki, hələ də Ermənistan tərəfindən anneksiya siyasəti mövcuddur. Fakt odur ki, erməni hərbçiləri Azərbaycan ərazisindədir. Bununla yanaşı Azərbaycanın daxili işlərinə müdaxilə var. Burada ölkəmizin ərazisində hələ də qalmaqda olan separatçıların maliyyələşməsindən tutmuş, digər siyasi bəyanatları də əlavə etsək real mənzərəni daha aydın təsvir etmək olar. Məhz bu reallıq aradan götürülməsə sülhdən danışmaq çətin olacaq.
- Bir çox hallarda yeni sülh sənədi gündəmə gətirilir. Yeni sənəd hansı şərtləri əhatə edə bilər?
- Əslində, Azərbaycana təzə sənəd lazım deyil. Çünki bu sənəd bizə o məqamda lazımdır ki, buna əməl olunsun. Sadəcə olaraq Ermənistan istəyir ki, hansısa bir bəyanata imza atsın və sonra da həmin “siyasəti” davam etdirsin. Bu sözsüz ki, Azərbaycanı qane edən bir məsələ deyil. Ona görə də, Ermənistanın anneksiya siyasətindən əl çəkmədiyini söyləmək olmaz. Belə olacaqsa sülh sazişinin bağlanması da real görünmür.
- Erməni tərəfi bir müddət öncə çərçivə sülh sazişindən bəhs edirdi. Bu variantın sonrakı əsas sülh sazişi üçün baza olacağına necə əmin olmaq olar?
- Çərçivə sülh sazişi bir növ hansısa prinsiplərin qarşılıqlı sadalanıb qəbul olunması deməkdir. Amma bunu implementasiya, yəni həyata keçirmək prosesinin çərçivə sülh sazişində göstəriləcəyi naməlum qalır. Çünki erməni tərəfi bundan mümkün qədər qaçmağa çalışır. Onlar istəmir ki, bu baş versin.
- Bu, Azərbaycan üçün nə dərəcədə qəbul olunacaq bir haldır?
- Təbii ki, Azərbaycan prinsiplərin qəbul olunmasını yetərli hesab etmir. Çərçivə sülh sazişindən başqa da digər sənədlər imzalanmalıdır ki, Ermənistan öz üzərinə öhdəliklər götürsün. Bu, Qazaxın 7, Naxçıvanın 1 kəndinin azad olunması, erməni hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlıdır. Eyni zamanda qondarma qurumların Ermənistan tərəfindən maliyyələşməsinin dayandırılması da burada başlıca şərtdir. Azərbaycana qısa, konkret olaraq sülhə dair əməllər lazımdır. Amma görünən odur ki, Ermənistan öz köhnə “siyasətindən” əl çəkmək istəmir.
- Rusiyanın "Azərbaycanla Ermənistan birbaşa danışıqlarla məsələləri həll edə bilər" yanaşması var. Sizcə, vasitəçi olmadan tərəflər prosesi hara qədər irəlilətmək imkanına malikdirlər?
- Əslində bu həm Rusiyaya, həm də digər vasitəçilərə aid olan bir məsələdir. Burada Ermənistanın davranışlarına diqqət etmək lazımdır. Çünki erməni tərəfi yaxşı başa düşür ki, hərbi potensialı çox zəifdir. Amma onu bu siyasətini davam etdirməyə təhrik edənlər var. Bu qüvvələr həm Qərbdə, həm də Şərqdə var. Burada söhbət danışıqların hansısa bir formatda olmasından getmir. Biz Ermənistanla üzbəüz otursaq, burada problemin qalmasını istəyən qüvvələri də görəcəyik. Çünki Ermənistanın mövqeyi məhz bunun əsasında formalaşır. Ona görə də Ermənistan öz ərazisinə Avropa İttifaqının missiyasını gətirir. Onların yanında gəzənlər isə rus sərhədçiləridir. İran isə burada özü üçün konsulluq açır. Ona görə də, bütün bu faktlar onu göstərir ki, münaqişəni davam etdirmək üçün Ermənistana dəstək verirlər.