“Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror törətmiş şəxslərin yaxalanması milli təhlükəsizliyimizə əsas təhdidlərin hansı istiqamətlərdən gəldiyini bir daha ortaya qoydu. Həbs edilən 6 nəfərin hamısının bir ölkə - İranla bağlantılarının olduğu üzə çıxdı. Biz təkcə ələ keçən 6 nəfəri zərərsizləşdirmədik, həmçinin İranın ölkəmizə yönəli digər təhlükəli planlarının qarşısını almış oldu. Düşünürəm ki, saxlanılanların sayı 6 nəfərlə yekunlaşmayacaq. Şəbəkənin digər üzvləri də istintaqa cəlb olunacaqlar”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, hüquq mühafizə orqanları əməliyyat-axtarış tədbirlərini peşəkarcasına həyata keçiriblər: “Terrorun icraçısının kimlərlə əlaqəli olduğu müəyyən edilib. Terror aktının digər iştirakçıları və buradakı təşkilatçılarının izinə düşülüb. Məlum olub ki, dəstə İran İslam Respublikasından təlimat almış casuslardan ibarətdir. Təəssüf ki, 2020-ci ildəki 44 günlük Vətən Müharibəsindən sonra İranın Azərbaycana yönəlmiş təxribatları kritik hal alıb. Artıq bəyanatlardan, mətbuat səhifəsindəki təhdidlərdən cinayət, terror xarakterli əməllərə keçiblər. Biz son günlər ki, Azərbaycanda İrana işləyən xeyli sayda casus şəbəkəsinin ifşasının şahidi oluruq. Dini təriqətlər, maddi həvəsləndirmə yolları ilə təcrübəsiz vətəndaşlarımız terror mərkəzləri tərəfindən ələ alınır. Onlara Azərbaycanda terror hadisələri, təxribatlar, xaos törətməklə bağlı göstərişlər verilir.
R.Alıyev hesab edir ki, istintaq zamanı daha ilginc məqamlar üzə çıxa bilər: “Bizim peşəkar istintaqçılarımız terror şəbəkəsinin digər əməl və planlarını üzə çıxara biləcəklər. Bizimlə eyni dinə sitayiş edən, tarixi qonşumuzun yaxın və uzaq gələcəklə bağlı Azərbaycan üzrə planları ifşa olunacaq və onların baş tutmasının qarşısı alınacaq. Onu da qeyd edim ki, bu günlərdə İranlı general Azərbaycana təhdidlər yağdırdı. Bildirdi ki, guya 44 günlük Vətən Müharibəsində İŞİD terrorçuları da iştirak ediblər. İran zabiti bir qədər də irəli gedərək həmin İŞİD-çilərin bu gün də Azərbaycanda olduqlarını bildirdi. Onun ardınca rəsmi Tehran qabaqdangəlmişlik edərək ölkəmizə etiraz notası göndərdi. Guya Azərbaycan mətbuatında İran dövlət və din xadimləri təhqir olunurlar. Amma araşdıranda məlum olur ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri təhqirə məruz qalırlar. Yalan, böhtan və qərəzli məlumatlar bu ölkənin mediasında hər gün tirajlanır. İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışlar edirlər. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərdəki gərginliyi daha da dərinləşdirir. Təbii ki, bu prosesdə uduzan tərəf İran olacaq. Dünyanın aparıcı dövlətlərini, beynəlxalq təşkilatları özünə qarşı düşmən edən Tehran yaxın qonşu dövlətlərilə də sivil münasibətlər qura bilmir, onlarla terror dililə danışır. Deməli, əsas problem bu ölkənin quruluşunda, xarakterindədir. Əminəm ki, kəskinləşən İran-Azərbaycan münasibətləri fonunda dünya bizim tərəfimizdə olacaq və terroru maliyyələşdirən bir ölkəyə həddi bildiriləcək”.
Politoloq onu da bildirdi ki, Azərbaycana qarşı təhdidlər yağdıran İran bir çox nüansları nəzərə almır: "İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır. Əgər Tehran gələcəkdə ölkəmizə yönəli düşünülməmiş addım atarsa onları qarşısında görəcək. Həmçinin İran bizim Türkiyə kimi nəhəng müttəfiqimizi, qardaşımızı gözardı etməməlidir. Kritik məqamlarda Türkiyə və Azərbaycan bir millət iki dövlət yox, bir millət bir dövlət olmağı da bacarır".