4 Aprel 2023 13:22
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Banklar haqqında” qanuna əcnəbi əmanətçilərlə bağlı dəyişikliyi III oxunuşda qəbul edib.

Teleqraf.com xəbər verir ki, təklif edilən dəyişiklik Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, qanunun 41.2-ci maddəsinə Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilməsi ilə bağlı abzas əlavə edilib.

Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində depozit məqbul hesab edilir.

***

Azərbaycanda daha bir qanun ləğv edilir.

Bununla bağlı “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunun ləğv edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

***

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.

Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Təcrübədə bu maddədən sui-istifadə halları mövcuddur. Belə ki, bəzən ölkədə hüquqi şəxs təsis edib, orada rəhbər və ya onun müavini vəzifəsini tutan əcnəbilərin heç də hamısının həqiqətdə niyyəti ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, milli qanunvericiliyin yaratdığı imkandan sui-istifadə edərək ölkədə müvəqqəti yaşama icazəsi almaq, iş icazəsindən yayınmaqla əmək fəaliyyəti ilə məşğul olmaq və ya üçüncü dövlətlərə getmək üçün ölkə ərazisindən istifadə etməkdir. Qeyd olunan dəyişiklik nəticəsində bu sahədə yeni yanaşmanın formalaşdırılması və tənzimlənməsinin təkmilləşdirilməsi gözlənilir.

Belə ki, 45.1.6-1-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir (Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olma tələb olunur).

Dəyişikliklə Məcəlləyə yeni 45.3-cü maddənin əlavə edilməsi təklif olunur. Belə ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edəcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

***

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək.

Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.

Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində əsasən bu Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Qeyd olunan maddə təkmilləşdirilərək yeni redaksiyada verilir.

Belə ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq, icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək imkanı və digər geniş imkanlar yaradır. Bu baxımdan həmin mexanizmin təkmilləşdirilməsi zəruridir. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli (ata, ana, ər (arvad) və övlad) yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.

Müzakirələrdən sonra dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.

***

Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini ilk oxunuşda təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

***

Milli Məclisin (MM) plenar iclasında Azərbaycan Baş prokuroru və onun müaviniin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib.

Bununla bağlı "Prokurorluq haqqında" qanuna dəyişiklik təklif olunub.

Layihədə qeyd edilib ki, prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycanın 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilib. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.

Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

Beləliklə, Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.

Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunub.

Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə eyni vaxtda təqdim edilmiş digər qanun layihəsinə əsasən prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli qanunun ləğv edilməsi də təklif edilib.

***

Milli Məclis Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılmasına dair qanun layihəsini təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, ötən il iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.

***

Milli Məclis “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.

Protokola əsasən elm və təhsil sahəsində əməkdaşlığı, Türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınması, eləcə də Türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirmək məqsədilə Türk Akademiyası, habelə Türk Mədəniyyəti və İrsi Fondu TDT-yə bağlı təşkilatlar kimi fəaliyyət göstərəcəklər.

Eyni zamanda tərəflər Naxçıvan Sazişinin vəzifə və məqsədlərini həyata keçirmək üçün digər təşkilatlar və təsisatlar yarada bilərlər.

Hazırkı Protokol dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında sonuncu yazılı bildirişin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir. Protokolun depozitarisi Türkiyə Xarici İşlər Nazirliyidir.

Protokol bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanıb, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.

Saziş Türk dünyasında və beynəlxalq arenada əməkdaşlıq və əlaqələndirilmiş fəaliyyətin təmin olunmasında Türk Dövlətlər Təşkilatının rolunun daha da genişləndirilməsinə töhfə verəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər