Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İndi də ayətulla rejiminin Naxçıvan istiqamətində hərbi texnika və canlı qüvvə toplaması haqda məlumat dolaşır. Niyə məhz Naxçıvan? Sizcə, bundan əvvəl də Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirən mollalar nə etmək istəyirlər?
- Düşünmürəm ki, konkret hansısa hərbi əməliyyat nəzərdə tutulub. Məncə, mesaj vermək istəyirlər. Onu da düşünmürəm ki, təkcə Naxçıvan istiqamətində bunu edirlər, ola bilsin, sabah sərhədin başqa yönündə hərbi texnika yığacaqlar. Amma ən uğursuz variant elə Naxçıvan istiqamətidir. Çünki Türkiyənin Qars müqaviləsi üzrə Naxçıvanla bağlı öhdəliyi var. Türkiyə Azərbaycanın bu bölgəsinin təhlükəsizliyinin təmin edilməsində birbaşa iştirakçıdır. Üstəgəl, indi Türkiyə və Azərbaycanın hərbi müttəfiqliyini rəsmiləşdirən Şuşa Bəyannaməsi var. Bu müqaviləyə görə, Azərbaycan ərazisinə müdaxilə olarsa, Türkiyə birbaşa Azərbaycanın yanında olacaq və ona yardım edəcək. Eynən Türkiyəyə müdaxilə olarsa, Azərbaycan da bu addımı atacaq. İran bu faktoru nəzərə alır.
İran indi daha çox psixoloji basqı etməyə, Azərbaycan cəmiyyətini qorxutmağa çalışır. Biz müharibədən yeni çıxmış ölkəyik, bu səbəbdən psixoloji təzyiq etmək istəyir. Bu baxımdan, İranın təhdid və hədələrini ciddi hesab etmirəm. Əlbəttə, buna rəsmi qaydada reaksiya verilməlidir. Yəni səni hansı səbəbdən texnikalarını mənim sərhədimə yaxın ərazilərdə yerləşdirirsən?
- Yəni Tehran gərginliyi və ya təxribatlarını dönməz xəttə gətirib çıxarsa, qardaş ölkə - Türkiyə hansı reaksiyanı verə bilər?
- Bunun necə olacağını düşünməyə ehtiyac yoxdur. Türkiyənin mövqeyi bəllidir. Türkiyə birmənalı olaraq Azərbaycanın yanındadır. Əslində, bunu İran da gözəl bilir. Bir az da dərinə getsək, İranın bu gün Azərbaycana qarşı qeyri-adekvat aqressivliyinin səbəblərindən biri də Azərbaycan-Türkiyə müttəfiqliyidir.
Türkiyənin İkinci Qarabağ Müharibəsindən sonra regionda yerləşməsi və güclənməsi İranı qıcıqlandırır. Yəni bu, həm də Türkiyəyə olan reaksiyasıdır ki, bunu Azərbaycana yansıdır.
Təbii ki, Türkiyə də özünü bu gedişatın tərkib hissəsi kimi görür və özünü kənarda saxlamır. Ola bilsin ki, hansısa razılaşma var və Türkiyə bu səbəbdən açıq bəyanatlarla çıxış etmir. Amma əminəm ki, Azərbaycan tərəfi buna ehtiyac duysa, Türkiyə istənilən formada İrana qarşı mövqe sərgiləyə bilər. Məsələn, bunu Türkiyənin İranla üz-üzə gəldiyi Suriya, İraq və dünyanın digər regionlarında görürük. Türkiyə bunu bizim regionumuzda da edə bilər.
- Mollaların Azərbaycan cəmiyyətini qorxutmağa çalışdığını dediniz. Bəs müşahidələriniz nəyi deməyə əsas verir: cəmiyyətimiz bu hədyanlar qarşısında çəkinmirmi?
- Əslində, xof və qorxu görmürəm. Əksinə, bu, insanlarda daha çox qəzəb yaradır. Sanki insanlarımız “qardaş xəyanəti” ilə üzləşmiş kimi oldular. Bizdə İrana yanaşma birmənalı deyil, çünki orada 40 milyona yaxın soydaşımız yaşayır, onlar da bizim həm din, həm də qan qardaşlarımızdır. Bu baxımdan bir xəyal qırıqlığı var, nəinki qorxu.
Dediyim kimi, əks-effekt verir, o rejimə qarşı qəzəb var ki, sən necə “müsəlman qardaşı”nı qoyub, ermənini dəstəkləyə bilərsən?! Sən necə “din qardaşı”san ki, illərdir onun torpaqlarını işğalda saxlayan, soyqırımına məruz qoyan bir dövləti dəstəkləyirsən? Bu baxımdan daha çox qəzəb hiss olunur.
Düşünürəm ki, İran son addımları və bəyanatları ilə illərlə Azərbaycanda qazandığı nüfuzunu, rəğbəti bir anda itirdi. İran bu gün sırf casuslarının hesabına nəsə edə bilər, sadə vətəndaşların hesabına nəsə edə bilməz. Artıq İrana, hazırkı rejimə qarşı heç kəsin sevgisi və rəğbəti yoxdur. Ona yalnız casuslarının rəğbəti var.
Qorxudan söhbət gedə bilməz. Azərbaycan müharibədən yeni çıxıb və öz ordusuna, xalqına, millətinə güvənir. Eyni zamanda, Türkiyə faktoru var. Hər kəs 44 günlük müharibədə Türkiyənin Azərbaycanın yanında necə durduğunu gördü. Bunu İran da gördü və onu qorxudan amillərdən biri də budur.
- Necə fikirləşirsiniz: gərginlik hara qədər inkişaf edə və ya nə vaxt bitə bilər?
- Düşünürəm ki, gərginlik hərbi əməliyyat və ya silahlı toqquşma olmadan bitəcək, yaxud münasibətlər mülayimləşəcək. Mümkün qarşıdurma nə Azərbaycana, nə də İrana sərf edərdi. Ən çox İrana sərf etməz. Çünki İranın böyük düşmənləri var. Həmin güclər İranı cəzalandırmaq üçün bəhanə axtarırlar. Bu siyahıya ABŞ-ı, İsraili, Avropa Birliyini və bir sıra ərəb dövlətlərini salmaq olar. Ona görə də İran-Azərbaycan gərginliyinin qarşıdurma həddinə çatacağını düşünmürəm. Amma İran baş verənlərin onun ziyanına olduğunu nə qədər tez başa düşsə, o qədər yaxşı olar.
İran nə vaxt anlasa, o vaxt bitəcək. Əslində, məsələ bizlik deyil. Biz cavab veririk, hücum etmirik. Burada hücum edən, təxribat və terror törədən İrandır. Axı hücumu biz etməmişik ki, diplomatik atəşkəsi biz imzalayaq. Hücum edən onlardır.
Zənnimcə, İran bir müddət sonra görəcək ki, bu təhdidlər, hədələr, qorxutmalar effekt vermir. Artıq yavaş-yavaş bunu anlayırlar. Bir gün ayılıb görəcəyik ki, orada hansısa yüksək rütbəli bir məmur deyir ki, Azərbaycan bizim qardaşımızdır, biz ona görə döyüşməyə də hazırıq. Bir sözlə, İran nə qədər tez ayılsa, mülayimləşmə də o qədər tez başlayacaq.
- Azərbaycandan fərqli olaraq, ayətullalar digər müsəlman-ərəb dövlətləri ilə münasibətlərini normallaşdırmağa çalışırlar. Bu kontekstdə Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpası cəhdləri diqqət çəkir. Sizcə, molla rejimi bu müsəlman dövlətləri ilə əlaqələrinin gərginləşməsinə səbəb olan terrorçu, düşmən siyasətini dəyişdirəcəkmi?
- Bir məsəl var: bir gün sağsağan yuvasını dəyişir. Soruşurlar ki, niyə yuvanı dəyişirsən? Cavab verir ki, buranı zibilləmişəm, gedib təzə yuvada yaşayım. Deyirlər ki, bu xarakter səndə varsa, gedib oranı da zibilləyəcəksən.
İndi İranın hazırkı rejimi bu xarakter və yanaşmayla heç bir müsəlman dövləti ilə münasibətlərini normallaşdıra bilməz. Yanaşmanı və düşüncə tərzini dəyişmədikcə, heç nəyə nail ola bilməyəcək. İndi deyir ki, Azərbaycan İsraillə dostluq edir, ona görə biz ona düşmənik. Bəs Səudiyyə Ərəbistanı, Türkiyə, Küveytlə niyə düşmənsən? İraqla niyə səkkiz il müharibə apardın? Niyə Suriyada terror törədirsən? Problem qarşı tərəflərdə yox, İranın özündədir. İran rejimi o sağsağan kimi xarakterini dəyişmədikcə, bu problemlər həlsiz qalacaq. Üç gün xoş, pozitiv bəyanatlar verə bilərlər, amma dördüncü gün yenə öz xislətlərinə qayıdacaqlar.