"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, Ermənistan Avropa Birliyinin “mülki missiyası” hesabına Azərbaycanla həmsərhəd bölgələrdə “sərhəd zastavaları” yaratmaq həvəsinə düşüb. İndiki şəraitdə bu necə mümkün olacaq?
- Əgər Avropa Birliyi Ermənistanın Azərbaycanla şərti sərhəd bölgələrində “sərhəd zastavaları” yaratmaq istəyirsə, Azərbaycan Laçın yolunun girişində analoji sistemi yaradacaq. Bu zaman Qarabağın dağlıq hissəsindəki insanların taleyi birdəfəlik həll olunacaq. Ona görə də, Ermənistanın Baş naziri Nikol Paşinyan başa düşməlidir ki, onun Azərbaycanla bağlı hər bir hiyləsinə adekvat, qarşılıqlı şəkildə cavab veriləcək.
- Sizcə, Aİ-nin bu addımı atmaqda məqsədi nədir?
- Heç bir beynəlxalq təşkilatın Azərbaycanla sərhəddə divar çəkmək, “sərhəd zastavaları” qurmaq kimi səlahiyyətləri yoxdur. Çünki iki ölkə arasında sərhədlər hələ də dəqiqləşməyib. Belə olan təqdirdə sərhədlərin dəqiqləşdirilməsinə mane olmaq yolverilməz haldır.
- Bu hal yaşansa proseslərin gedişində hansı dəyişiklər baş verəcək?
- Belə hal baş verərsə Avropa İttifaqının özünü Azərbaycan sərhədlərini pozmaqda ititham edilə bilər. Burada delimitasiya-demarkasiyanın harada olmasını heç kəs bilmir. Avropa İttifaqı ümumiyyətlə belə bir təsəvvürə malik deyil. Bölgə ilə bağlı mövcud xəritələr Azərbaycan və Rusiyadadır. Bu halda Aİ-nin hansı xəritələr əsasında bölgələr “sərhəd zastavaları” tikməsi absurd görünür. Həmçinin bu qurumun son 100 ildə bölgədəki kartoqrafiyada heç bir halda olmamasını da burada xüsusi ilə qeyd etmək olar.
- Ermənistan sərhədlərini Rusiya Sərhəd Xidməti qoruduğu halda Aİ-nin “sərhəd zastavaları” necə təşkil edilə bilər?
- İlk növbədə Rusiya bu məsələdə öz adekvat mövqeyini ortaya qoymalıdır. Ümumiyyətlə isə Rusiya heç cür bu məsələyə isti yanaşa bilməz. Ermənistanda “sərhəd zastavasının” qurulması və Qərb ölkələrinə aid əsgərin, keçmiş polisin burada olması belə Rusiya üçün təhdid hesab edilir. Ona görə də Moskva yaxın vaxtlarda bunları cavabsız qoymayacaq. Rusiyanın başı Ukayna cəbhəsinə qarışıq olsa da, Paşinyana qırmızı cizgilərlə bağlı xəbərdarlıq edilib. Amma bu xətlərin keçilməsi Rusiya tərəfindən artıq qəti addımların atılması ilə nəticələnə bilər.
- İranın Qərbin müttəfiq saydığı ölkədə möhkəmlənməsinə münasibəti necədir?
- Sözsüz ki, İran tərəfi də öz narahatlığını ortaya qoymalıdır. Amma görünən odur ki, İran məhz Avropa Ittifaqının xüsusi “sərhəd zastavasının” qurulması, Qərb hərbçilərinin bölgəyə gəlməsindən narahat deyil. Çünki İranın əsas hədəfi Azərbaycanın Qərbi Zəngəzura daxil olmaması idi. Əgər İranın əvəzinə bu iş kiminsə tərəfindən görülürsə, bu Tehran tərəfindən xoş qarşılanır.
- “Avropalı missionerlər”in Ermənistan üçün sərhəd qoşunlarının funksiyalarını yerinə yetirməsi ilə bağlı planı hansı məntiqə əsaslanır?
- Əslində bu, Ermənistan üçün olduqca önəmlidir. Paşinyanın əsas hədəfi 29 min kvadrat km ərazini qorumaqdan ibarətdir. O bu cür addımlarla Qərbi Zəngəzuru qorumaq niyyətini güdür. Amma Qərb tərəfindən Ermənistan ərazilərində qurulacaq “zastavalar” Azərbaycan ordusu üçün sədd rolunu oynaya bilməyəcək. Çünki bu heç bir beynəlxalq hüquqa əsaslanmır.
- Azərbaycanın atacağı addımlar nədən ibarət olacaq?
- Təbii ki, belə bir faktın yaşanması Bakı ilə Brüssel arasındakı münasibətləri daha da korlayacaq. Bu da indiki halda daha çox onların ziyanına olan bir məsələdir. Ona görə də çox guman ki, onlar belə bir addım atmamışdan öncə prosesi doğru-düzgüh analiz etmək imkanına malik olacaqlar.
- Azərbaycan tərəfinin Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı təşəbbüsü artıq reallaşır. Belə olan halda Rusiyanın, xüsusilə sülhməramlıların bu prosesə menə olmaq imkanlarını necə dəyərləndirirsiniz?
- Rus sülhməramlıları Laçın yolunda təhlükəsizliyə nəzarət edə bilər. Amma bu yola giriş-çıxış Azərbaycan dövlətinin nəzarətində olmalıdır. Ona görə də, Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılması mümkündür. Çünki Azərbaycan tərəfi dəfələrlə rus sülhməramlılarını xəbərdar edib ki, bu yoldan silah-sursat və qanunsuz daşımalar həyata keçirilir. Hətta İran terrorçuları da Xankəndiyə məhz bu yolla gedib. Bütün bunlarla bağlı Azərbaycan tərəfindən açıq xəbərdarlıqlar var idi. Amma bizim bu xəbərdarlıqlarımız nədənsə qulaqardına vurulur. Nəticə etibarı ilə bugünkü hadisələr ona gətirib çıxardı ki, Azərbaycan Ordusunun özü lazım olan təhlükəsizliyi Laçın yolunda və digər sərhəd bölgələrində həyata keçirəcək.