6 Aprel 2023 12:24
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafaya qarşı terror aktını törədənlərin qısa zamanda tutulması Tehran rejiminin öz məqsədinə çatmayacağını, buradakı nökərlərinin qanunun sərt üzünü görəcəyini söyləməyə əsas verir. Hamıya məlumdur ki, bu hadisənin sifarişçilərinin məqsədi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaq istəyidir. Bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlər bilməlidilər ki, Azərbaycanın müstəqilliyinə, bütövlüyümüzə və sabitliyimizə heç kim xələl gətirmək iqtidarında deyil. Azərbaycan güclü dövlətdir. Təhlükəsizliyi etibarlı əllərdədir. Bizim gücümüz daxili birliyimizdədir. Sözsüz ki, dövlətimiz qarşısına qoyduğu hədəflərdən və inkişaf yolundan dönməyəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır:

“Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi isə sifarişçilərin İslama, imanlı insanlara, müsəlmanlara real münasibətinin əyani göstəricisidir. Aydın məsələdir ki, bu sui-qəsdin əsas məqsədi Azərbaycan xalqının birliyinə, həmrəylinə xələl gətirmək, xalqda qorxu yaratmaq niyyəti güdür. Terrorla nəyəsə nail olacağını düşünənlər bilməlidir ki, Azərbaycan xalqı 30 ilə yaxın yaşadığı terrora qarşı mübarizə aparmaq üçün immunitet formalaşdırıb. Terror Azərbaycan xalqını qorxuda bilməz. Qeyri-döyüş şəraitində, paytaxtda törədilən hadisələr, silahlı insidentlər, sui-qəsd yaxud da iqtisadi diversiyalar, casus şəbəkələrinin təxribatları ölkəmizi qazandığı parlaq Qələbədən, eləcə də, möhkəmləndiyi yeni ərazilərdən, azad olunan bölgələrdə sürətli quruculuq-bərpa işlərindən çəkindirə bilməz”.

Millət vəkili hesab edir ki, terrorun məqsədi xalqı qorxudaraq, xof yaradaraq ictimai təhlükəsizliyə zərbə vurmaqdır:

“Bu yolla dövlətin siyasətinə mane olmaqdır. Bütün bunlara baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci vitse-Prezident Mehriban xanım Əliyevanın silahlı qəsdə qarşı göstərdikləri münasibət müharibə dövründə olduğu kimi sərt, qəti və birmənalı şəkildə oldu. “Bizimlə ultimatum dili ilə danışmaq mümkün deyil” deyən ölkə Başçısının qətiyyəti bütün dünyaya açıq mesajdır. Azərbaycanı haqq işinə mane olmağa heç bir dövlətin yaxud da terror təşkilatlarının gücü çatmaz.

Tamam Cəfərova deyib ki, deputat Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir:

“Şübhəsiz ki, terror hadisəsində əli olan hər kəs layiqli cəzasını alacaq. Bu şəbəkəni xaricdən idarə edənlər bilməlidir ki, Azərbaycan dövlətini, xalqını qorxutmaq olmaz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər