11 Aprel 2023 21:56
4 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində vəziyyət dəyişməyib. Sadəcə olaraq beynəlxalq təşkilatlar, xüsusən də Avropa İttifaqı və ABŞ-ın aktivliyi var. Amma müşahidə edilən mənzərə odur ki, Ermənistan sülh müstəvisində aparılan prosesin əvvəlində “hə” deyir, daha sonra isə heç nə etmir. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel də ABŞ dövlət katibi Entoni Blinkenin təşkil etdiyi görüşlərlə bağlı xəbər vermişdi. Hətta ondan soruşanda ki, bundan sonra Brüsseldə görüş olacaq? O da cavab verib ki, “yox”. Saha sonra isə J.Borrel yeni təşəbbüsün olduğunu, bunun da Aİ tərəfindən dəstəkləndiyini demişdi. Sözsüz ki, bu da ABŞ-ın ortaya qoyduğu mövqe və təşəbbüslə bağlıdır.

Bunu Teleqraf.com-a Demokrat İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun fikrincə, indiki halda gözləmək lazımdır:

"Görək ABŞ-ın təşəbbüsü ilə baş tutan görüşdə Ermənistan özünü necə aparacaq. İndiki halda Azərbaycanın öz ərazisində həyata keçirdiyi tədbirlərin isə qarşı tərəfə heç bir aidiyyatı yoxdur. Çünki Laçın ətrafında olan prosesləri məhz bu müstəvilərə qaldırmaq cəhdləri də var. Amma heç kəs unutmamalıdır ki, Laçın Azərbaycan ərazisidir. Burada görülən işlər Azərbaycan qanunvericiliyinə uyğun icra edilir. Ona görə də, Laçında həyata keçirilən işlərlə bağlı da Azərbaycan qərar verir”.

Partiya sədri, hesab edir ki, sülh müstəvisində olan proseslər Ermənistanın mövqeyindən asılıdır:

“Çox güman ki, Ermənistan nəsə özü üçün “unikal” şərait gözləyir. Bu ölkə özü üçün yeni sahib axtarışındadır. İndiki halda Ermənistanın davranışları da məhz bu konteksdən şərh oluna bilər”.

Millət vəkili İranla Azərbaycan arasında hazırkı mərhələdə gərginliyin aradan qaldırılması üçün tərəflərin mümkün qədər daha sıx təmasda olmasına münasibət bildirib:

“Görünən odur ki, tərəflər arasında buzlar ərimək üzrədir. İran artıq öz mövqeyindən geri çəkilir”.

Asim Mollazadə İranın Azərbaycanla bağlı böyük bir qorxusunun olduğunu söyləyib:

“Bu da Azərbaycanın sahib olduğu dəyərlər və uğurları ilə bağlıdır. Azərbaycan artıq islam və türk dünyası üçün böyük bir simvola çevrilir. Ölkəmiz uğurlarına, tarixi dəyərlərinə görə, dünyəvi dövlət sisteminə malikdir. Bu strategiya ilə də dövlətimiz inkişaf edir, uğurlar qazanır. Bu da sözsüz ki, İranın narahatlığına səbəb olur. İranın digər narahatlığı erməni bacı-qardaşları ilə bağlıdır. Çünki onların ermənilərə sevgisi çoxdur. Amma bütün bunlara baxmayaraq İran Azərbaycanın təşəbbüslərinə maneə ola bilməyəcək. Bu Zəngəzur dəhlizinin açılması bağlı ilə atılan addımlara da aiddir. Çünki Zəngəzur dəhlizi açılan zaman İrandan heç kim, heç nə soruşmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər