Dığ Gorus rayonunun ərazisidir. Azərbaycan Ordusu isə Gorus rayonuna daxil olmayıb. Sadəcə olaraq Dığ kəndi yaxınlığında olan strateji yüksəkliklərdə Azərbaycan Ordusu mövqe tutub. Bir santimetr də olsun Silahlı Qüvvələrimiz Ermənistan ərazisinə daxil olmayıb. Görünən isə odur ki, erməni tərəfi 30 il həmin əraziləri işğalda saxladığına görə asanlıqla buradan çıxmaq və imtina etmək istəmir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun fikrincə, erməni tərəfinin özünün yaydığı görüntülərdən də aydın olur ki, onlar Azərbaycan Ordusunun bölmələri ilə üzbəüz post qurmaq istəyib:
“Azərbaycan Ordusu isə ilk olaraq şifahi xəbərdarlıq edib ki, ərazini tərk etsinlər. Erməni tərəfi isə bu xəbərdarlığa məhəl qoymayaraq təxribata əl atıb. Sözsüz ki, bu, bir günün içərisində olacaq bir məsələ deyil. Görünür, erməni tərəfi bunu öncədən planlaşdırıb”.
Millət vəkili həmçinin bu istiqamətə erməni tərəfinin öncədən ağır texnika və silahlar yığması faktının da diqqətdən yayınmadığını söyləyib:
“Çünki erməni tərəfi təxribatdan öncə əraziyə xüsusi təyinatlı birləşmələrin korpusunu yerləşdirib. Təxribat nəticəsində həmin birləşmənin komandiri yaralanıb. Həmin birləşmənin komandirinin ora niyə gəlmsəi də suallar yaradır. Çünki ərazi onun dislokasiya yeri deyil”.
Elman Məmmədov bildirib ki, təxribat baş verən gün Nikol Paşinyan komandası ilə gedib müdafiə nazirliyində oturmuşdu:
“Burada digər məlumatları də birləşdirsək təxribatın öncədən hazırlandığını tam dəqiqliklə söyləmək olar. Sözsüz ki, İran “PUA”ları ilə bağlı da məsələləri də göz ardı etmək olmaz. Eyni zamanda Avropa İttifaqının Ermənistanda olan missiyası də həmin vaxt əraziyə cəlb edilmişdi”.