13 Aprel 2023 09:11
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Xarici İşlər naziri Melani Coli Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) İdarə Heyətinin üzvlərini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Kanadanın azərbaycanlı icmasının fəaliyyəti və siyasi fəallıq prioritetləri barədə danışılıb, eləcə də Azərbaycan-Ermənistan arasında münasibətlər və Qafqazdakı təhlükəsizlik durumu müzakirə edilib.

NAC İdarə Heyətinin üzvləri Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında qaldığı, bu ərazilərdəki əhalinin qovulduğu və azərbaycanlıların yaşadığı bütün yaşayış məntəqələrinin dağıdıldığını nazirin diqqətinə çatdırıblar. 2020-ci ildə baş tutmuş müharibədən sonra bölgədə yeni vəziyyətin yaranması və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə dağıntının miqyası və eləcə də Ermənistan tərəfindən kütləvi minalanmanın həyata keçirilməsi səbəbindən hələ də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilməməsi qeyd olunub. NAC-in təşəbüsü ilə Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400,000 dollar vəsaitin ayrılmasına görə təşəkkür ifadə edilib.

Melani Coli Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O bildirib ki, Kanada beynəlxalq hüququn prinsiplərinə sadiqdir və bütün mübahisələrin hüquq və danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Bu xüsusda, Azərbaycanla Ermənistan arasında Avropa Birliyinin himayəsi altında aparılan sülh danışıqlarının tezliklə uğurla başa çatacağına ümid edir və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılıb və Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər