Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin aprelin 11-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanatı qəbuledilməzdir. Bu gün Fransa Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə zərbə vurur.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Fransa hakimiyyəti Azərbaycan 44 günlük müharibə ilə öz ərazilərini erməni işğalından azad etməsini həzm edə bilmir:
"Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar işğalçı Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizlik etməklə Fransa Cənubi Qafqazda sülh prosesində vasitəçi ola bilməyəcəyini nümayiş etdirir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi olaraq Fransa tərəfinin məlum mövqeyinə etiraz edib: "Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayarkən rəsmi Paris bu işğala qarşı etiraz səsini ucaltmadı. Amma Azərbaycanın işğala son qoyaraq münaqişəni öz gücünə həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə ədalətsiz mövqe nümayiş etdirib. Təəccüblüdür ki, Fransa tərəfinin bəyanatında birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğu bildirilir. Amma Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığından bəhs olunmur. Bu fakt bir daha təsdiqləyir ki, rəsmi Paris hələ də Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarını dəstəkləyir və bu məqsəd üçün İrəvanı himayə edir.
Sevinc Fətəliyeva qeyd edib ki, bu kimi addımları ilə Fransa Ermənistanı növbəti təxribatlara təhrik edir və revanşist qüvvələrə dəstək verir. Regionumuzda sülhün təmin olunmasına ən böyük əngəllərdən biri də məhz Parisin belə mövqeyidir.