Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ dövlət katibinin bir müavini Bakıya, digəri isə İrəvana gəldi. Amerika rəsmilər bölgədə olarkən Vaşinqtondan xarici işlər naziri Ceyhun Bayramova bir telefon zənginin edilməsi də diqqət çəkdi. Sizcə, bu gəlişmə nədən xəbər verir, ABŞ nə etməyə çalışır?
- ABŞ sülh prosesinin dağılmasından ehtiyatlanır. Sərhəddə və İrəvandakı beynəlxalq tədbirdə ard-arda baş verən təxribatlar göstərdi ki, bölgədə sülhün və bu prosesin Qərbin nəzarətinə keçməsinə istəməyən regional qüvvələr var. Bu qüvvələrin başında da İran və Rusiya durur. Yəni narahatlıq əbəs deyil. Son təxribatlar da göstərir ki, bu dövlətlərin Ermənistan üzərində ciddi təsirləri var. Ona görə də ABŞ təşəbbüsün Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün hərəkətdədir. ABŞ Azərbaycan və Ermənistanın mövqelərini yaxınalaşdırmağa çalışır.
Ceyhun Bayramov ABŞ rəsmisi ilə son danışığında dedi ki, hələ də Qarabağın dağlıq hissəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri var. Bu, sülh müqaviləsinin imzalanmasına əngəl yaradan ən ciddi amillərdən biri kimi vurğulandı.
Azərbaycan bildirir ki, erməni silahlı birləşmələri ərazimizdən çıxarılmadıqca, Ermənistan Qarabağa olan əsassız iddiadan vaz keçmədikcə, İrəvan rəsmən ərazi bütövlüyümüzü tanımaqıqca sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Bunlar Azərbaycanın şərtləridir, ədalətlidir. Bunlar beynəlxalq hüquqda da öz əksini tapıb.
Məncə, ABŞ-dan Ceyhun Bayramova edilən zəng nəzərdə tutulan Vaşinqton görüşü ilə əlaqəlidir. ABŞ həm İrəvan, həm də Bakıyla intensiv məsləhətləşmələr aparaq, mövqelərin nə qədər yaxınlaşdığını öyrənməyə, həm də mümkündürsə, mövqeləri yaxınlaşdırmağa çalışır.
Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Qarabağ məsələsinin sülh müqaviləsinə daxil edilməməsinə də razı olduğunu bildirib. Amma bu məsələlərlə bağlı Ermənistanın mövqeyində hələ də müəmmalar var. Çünki Paşinyan bir yanda bunu deyir, digər tərəfdə Ermənistan rəsmiləri Qarabağla bağlı “beynəlxalq mexanizm”dən danışırlar. Əlbəttə, bu, Azərbaycanın qəbul edə biləcəyi şərt deyil.
Eyni zamanda, ABŞ-ın bu səylərinin hansı nəticələr verəcəyi haqda Vaşinqtonda gözlənilən görüşdən sonra danışmaq olar. Belə bir görüş baş tutmasa, bu o demək olacaq ki, Ermənistan prosesi sabotaj edir və İrəvan üzərində çox ciddi basqılar var. Bu basqılar da İran və Rusiya tərəfindən həyata keçirilir.
Zənnimcə, bu təzyiqlər ciddiyə alınmalıdır. Çünki İran Ermənistan-Azərbaycan sərhədini terror yuvasına çevirmək planları hazırlayır.
- Bəs ABŞ-ın təşəbbüsü ilə sülh müqaviləsinin imzalanması ehtimalı nə qədərdir?
- Açığı, Ermənistan müstəqil olmadığı və müstəqil qərar verə bilmədiyi üçün bu ehtimalı o qədər də yüksək dəyərləndirmirəm. Çünki bölgədə bunu istəməyən İran və Rusiya kimi təxribatçı dövlətlər var. Bu gün bu dövlətlərin regionda hərbi təxribatlar törətmək imkanları mövcuddur. İran və Rusiyanın Ermənistan üzərində təsir imkanları qaldıqca, bu ehtimal aşağı olacaq.
Dediyim kimi, sülh müqaviləsinin imzalanması məsələsinə yanaşmada o qədər də optimist deyiləm. Çünki Ermənistan müstəqil qərar verə bilmir. Bir müstəqil subyekt olaraq fəaliyyətdə deyil. Ermənistan özünü elə bir dolaşığa salıb ki, indi bunun içindən çıxa bilmir. Bu gün sülh müqaviləsindən yayınmaq və özünə “təhlükəsizlik qarantı” təmin etmək üçün bütün regional və kənar qüvvələri öz ərazisinə yığıb.
İndi Rusiya, ABŞ, Fransa, Almaniya, Avropa Birliyi və İran Ermənistan üzərindən bölgədə maraqlarını təmin etmək istəyindədir. Bölgədə bu qüvvələri üz-üzə qoyan da Ermənistandır. Ermənistan bu dolaşıqlıqdan çıxa bilmir.
Ermənistan istənilən bir qüvvənin basqısı ilə öz iradəsindən vaz keçə bilir. Ermənistan bu qüvvələr arasında balans yaratmaq gücündə deyil. Bu baxımdan, ABŞ-ın təşəbbüsü ilə yaxın zamanda bir sülh müqaviləsinin imzalanacağını gözləmirəm. İmzalansa belə, bu müqavilənin nə qədər işlək olacağı sualı yaranacaq.
- Paşinyan Azərbaycanın Qərb və Rusiya üçün önəminin artdığını da dedi. Sizcə, Ermənistan baş nazirinin bu etirafına hansı kontekstdə baxmalıyıq?
- Əslində, bu açıqlamalar Ermənistan ictimaiyyəti üçündür. Çünki Paşinyan anlayır ki, erməni cəmiyyəti hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır deyil. Erməni ictimai rəyi hələ də bunu həzm edə bilmir. Bunu Azərbaycan bayrağını yandıran Nikolyanın erməni xalqı tərəfindən “qəhrəmanlaşdırılması”nda da gördük. Ona görə də Paşinyanın bu açıqlamalarının həm Ermənistanın siyasi çevrələrinə, həm də cəmiyyətinə hesabalandığını deyə bilərəm.
Paşinyan erməniləri başa salmağa çalışır ki, bu gün Azərbaycan beynəlxalq meydada vazkeçilməz regional oyunçuya çevrilib. Ermənistan dövlətinin bunu qəbul etməməsi, beynəlxalq səviyyədə onun əleyhinə işləyəcək. Bu səbəbdən də Paşinyan Ermənistan qarşısındakı məcburiyyəti dilə gətirmək istəyir ki, bu durumda Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasa, Ermənistanın gələcək perspektivi olmayacaq. Paşinyan dolayısıyla bunu başa salmağa çalışır.