Prezident İlham Əliyev növbəti dəfə Ermənistana, onun havadarlarına, separatçılara Azərbaycan dövlətinin açıq mövqeyini bir daha çatdırmış oldu. Bu, beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına tam uyğun bir yanaşmadır. Çünki Azərbaycan ərazisində yaşayan hər kəs ölkə qanunlarına ciddi əməl etməli və onun suverenliyni qəbul edib, digər vətəndaşlara yaradılan şəraitdən yararlanıb normal yaşamaq hüququna sahib ola bilər. Bunun əksinə ola biləcək istənilən hala qarşı Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq baxımından addımlar atılacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bu gün Xankəndidə bir qrup hərbi cani, separatçılar sıravi erməniləri uzun 10 illiklərdir girov saxlayır:
“Hazırda Xankəndidə və digər ərazilərdə yaşayan sıravi ermənilərə qarşı hər hansı bir basqı, təzyiq və təhlükə olmasa onlar Azərbaycana çox asanlıqla inteqrasiya oluna bilərlər. Çünki 1988-ci ilə qədər onlar Azərbaycan vətəndaşı kimi bizim ərazimizdə yaşayıblar. Onların həmin dövrdəki səviyyədə yaşamaq arzuları ancaq Azərbaycan qanunlarına tabe olmalarından sonra mümkün ola bilər. Buna Azərbaycan dövləti təminat verir. Onlar təhlükəsiz və sosial təminata malik olmaqla normal yaşamaq hüququ qazanar. Fakt isə odur ki, onlar uzun illərdir separatçıların girovluğunda, əsirliyindədir”.
Deputat hesab edir ki, Ali Baş Komandanın xəbərdarlığına baxmayaraq hələ separatizmlə məşğul olaraq bizim ərazimizdə qalmaq istəyənlər yaxın vaxtlarda baş tutacaq antiterror əməliyyatları ilə məhv olacaqlar:
“Bununla da erməni icmasının sıravi üzvləri separatçıların əsirliyindən xilas olacaq. Çünki uzun illər hətta sovet dövründə bu separatçılar onları hansısa məsələlərə həvəsləndirib başlarını pozublar. Onlara deyirdilər ki, Azərbaycandan ayrılsaq su kranını açanda süd gələcək, yağ-bal içində üzəcəksiniz. Bu kimi absurd ümidlər verirdilər. Amma son 30 ilin tarixi göstərdi ki, onlar hansı rəzil duruma, dilənçi, müti halına düşüblər. Ona görə də, ağlı başında olan erməni anlamağa çalışır ki, onları aldadıblar. Onlar Azərbaycanın tabeçiliyndə olduğu dövrlə indki şəraitlərini müqayisə edib konkret qərar verməlidir. Azərbaycan dövləti bu gün onlara normal həyat səviyyəsi və təhlükəsizlik təminatı verməyə hazırdır. Yaxşı olardı ki, onlar bunu zamanında dəyərləndirsinlər. Çünki sonra çox gec ola bilər”.