21 Aprel 2023 14:48
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının ölkə daxili səfərləri nəinki Azərbaycan cəmiyyəti, ictimaiyyəti, eyni zamanda, region dövlətləri, bu bölgədə marağı olanların maraq dairəsindədir. Cənubi Qafqazda, eləcə də bölgədə baş verən proseslər fonunda Prezident İlham Əliyevin etdiyi açılışlar, səsləndirdiyi fikirlər xüsusi ilə mühüm önəm kəsb edir. Bu mənada aprelin 18-də Prezident İlham Əliyevin Salyan və Neftçala rayonlarına səfəri bir çox məqamlarla yadda qaldı.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, 19 il bundan əvvəl başlayan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları öz müsbət nəticələrini verməkdədir:

“Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb, kənd və şəhər arasında fərq ortadan qaldırılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Mənim bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir”. Ölkənin hər bir regionunun inkişafı əhalinin məşğulluğu, onların sosial müdafiəsi, həyat tərzinin daha da yaxşılaşması, iqtisadiyyatın müxtəlif növlər üzrə fəaliyyətlərinin dayanıqlı inkişafı, bütövlükdə, dövlətimizin güclənməsi deməkdir. Prezident həmçinin bu səfər çərçivəsində Azərbaycan televiziyasına verdiyi müsahibəsində bir sıra mühüm məsələlərə toxundu. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, bu ərazilərdə kənd və şəhərlərin salınması, əhalin qısa müddət ərzində öz doğma yurdlarına qayıtması ilə bağlı dövlətimizin qarşısında dayanan əsas prioritetlərdən bəhs edildi. 30 ilə yaxın davam edən erməni işğalı nəticəsində o ərazilərdə bütün yaşayış məskənlərimiz dağıdılıb, yer üstü və yer altı sərvətlərimiz talan edilib, tarixi-mədəni irsimiz məhv edilib. Buna baxmayaraq Ermənistanın humanitar və ekoloji terroruna məruz qalan tarixi torpaqlarımız indi yenidən canlanır. Müharibə başa çatan kimi Azərbaycan öz imkanları hesabına ərazidə genişmiqyaslı tikinti-quruculuq işlərinin icrasına başlayıb”.

Deputat bildirib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir:

“Azad edilmiş torpaqlarımızda quruculuq işləri, layihələr çox sürətlə həyata keçirilir. Prezident İlham Əliyev artıq Laçın şəhərinə köçkünlərin qayıtması ilə bağlı hər kəsin səbirsizliklə gözlədiyi xəbəri verməsi çox böyük sevinclə qarşılandı. Bütün bunlar isə xalqımızın vətən sevgisini 44 günlük Vətən Müharibəsində və indi də bərpa-quruculuq işlərinin aparılmasında əyani şəkildə göstərir. Təbii ki, Ermənistanla münasibətlərin normalaşması da bu gün siyasi-diplomatik müstəvidə aparılan səmərəli fəaliyyətin əsas hədəfidir. Burada ölkə başçısının açıqladığı kimi Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan tərəfindən sülh konsepsiyası irəli sürülüb. Azərbaycanın təklif etdiyi sülh konsepsiyası məlum beş prinsip əsasında beynəlxalq hüququn norma və şərtlərinə tam uyğundur. Məhz bu təməl prinsiplər əsasında ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər məsələlər həll oluna və sülh müqaviləsi imzalana bilər”.

Komitə sədrinə görə, əgər Ermənistan Praqa və Soçi görüşlərində, 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında ölkəmizin sərhədlərini, ərazi bütövlüyünü qəbul etməyə hazırdırsa, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan etməlidir:

“Sözsüz ki, bu Ermənistan üçün edilən son təklifdir. Bunun əksinə olacaq bütün hallar Ermənistan üçün faciəli ola bilər. Çünki Azərbaycan özünün daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcək və Qarabağda yaşayan ermənilər üçün də seçim yollu göstərilib. Ölkə başçısının vurğuladığı kimi: Onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”.

Hicran Hüseynova Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılmasının da dövlət başçısının diqqətində olduğunu söyləyib:

“Biz öz bayrağımızla fəxr ediririk. Bu bayraq təkcə dövlətimizin rəmzi olaraq deyil, həm şəhidlərimizin, mübarizəmizin, qələbəmizin rəmzidir. Bu bayrağın Qarabağda, Zəngəzurda dalğalanması üçün neçə-neçə oğullarımız, qızlarımız igidlik göstərib, canını, sağlamlığını itirib. Bayraq hər bir azərbaycanlı üçün müqəddəsdir. Təbii ki, Ermənistanda azərbaycanlı idmançıları olmasa da qardaş Türkiyənin idmançıları orada Azərbaycanın yoxluğunu hiss etdirmədilər. Bu bir daha Azərbaycan-Türkiyə qardaşlığının növbəti əyani təzahürü idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər