Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın növbəti səfəri Neftçala və Salyan rayonlarına olub. Prezident səfər çərçivəsində regionlarda görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub. Dövlət başçının həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verməsi hər zaman regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amil kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan deməliyik ki, ölkə başçısının regionlara mütəmadi səfərləri nəticəsində regionlarda yaşayan əhali Azərbaycan Prezidentinin simasında dövlətin diqqət və qayğısını birbaşa hiss edir və bunu yüksək qiymətləndirir.
Bunu Teleqraf.com-a Prezident İlham Əliyevin Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində Azərbaycan televiziyasına müsahibəsini şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bildiyiniz kimi 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir:
"Artıq dördüncüsü icra olunan dövlət proqramının uğurlu nəticələri bütün reginlarda özünü göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb. Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Bu barədə Azərbaycan Televiziyasına müsahibəsində ölkə başçısı deyib: “Bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam”.
Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezident bir çox mühüm məsələlərə toxunub, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, eləcə də Ermənistanda keçirilən beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması ilə bağlı məsələyə münaisbət bildirib mühüm mesajlar verib:
"Prezident İlham Əliyev bir daha sülh prosesində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas amil olduğunu vurğulayıb. Ermənistanın 30 ilə yaxın Azərbaycan torpağında törətdiyi vəhşiliklərə, barbarlığa, dağıntılara baxmayaraq, sülh təklif edən tərəf Azərbaycan olub. Məlumdur ki, dünyada qalib dövlətin sülh təklif etdiyi analoji hal nadir hallarda rast gəlinə bilər. Sülh müqaviləsinin bağlanması üçün Azəbaycanın irəli sürdüyü beş prinsip artıq hamıya bəllidir. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə uyğundur. Ötən müddət göstərir ki, Ermənistanın mövqeyində müəyyən ziqzaqlar olsa da, prinsip etibarilə Azərbaycanın irəli sürdüyü şərtlərlə razıdırlar. Çünki, onlar da yaxşı başa düşürlər ki, başqa yolları qalmayıb. Prezident İlham Əliyevin də dediyi kimi: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”.
Azərbaycan bayrağının yandıırlması məsələsinə münasibət bildirərkən ölkə başçısı deyib: “Bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.
Fikrimcə bu sözlər Ermənistandakı bütün revanşistlərin qulağına sırğa olmalıdır:
"Ermənistanın siyasi rəhbərliyinin gözü önündə baş verən belə rəzil bir hadisəyə qarşı nəinki heç bir cəza tədbiri görülməyib, hətta, heç bir reaksiya verilməyib. Bu çirkin hadisə erməni cəmiyyətində alqışlarla qarşılanıb. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Bu hadisə dövlətimizə və millətimizə qarşı Ermənistan tərəfindən yüz ildən çoxdur ki, davam edən barbarlığının və vəhşiliyinin növbəti təzahürü idi. Bir daha bu çirkin əməli qətiyyətlə pisləyirik. Həmçinin, belə çirkin hadisənin baş verməsi bir daha sübut etdi ki, Ermənistan beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil.
Şübhəsiz ki, Azərbaycan və Ermənistan istər ictimai şüurun inkişaf səviyyəsinə görə istərsə də tarixi proseslər və bugünkü inkişaf səviyyəsinə görə bir-birilə qəti şəkildə müqayisə edilə bilməz, paralellər aparıla bilməz. Buna baxmayaraq bir məqamı vurğulamaq istərdim. Ermənistanda keçirilən beynəlxalq yarış Azərbaycan bayrağına qarşı məkrli, çirkin münasibətin bütün dünya şahidi oldu və buna göz yumdu. Azərbaycanda keçirilən beynəlxalq yarışda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin erməni idmançıya öz əlləri ilə medal təqdim etməsini və izdihamı idmançını alqışlamağa sövq etməsini hər birimiz yaxşı xatırlayırıq. Baxın, budur Azərbaycanın Liderinin böyüklüyü, qətiyyətliliyi, uzaqgörənliyi. Hər halda dünya bütün bunları görür, lakin göz yumur, ikili standartlar nümayiş etdirir. Beynəlxalq təsisatların belə ikili standartlar mövqeyinə Azərbaycan cəmiyyəti artıq öyrəşib. Sözsüz ki, onların ədalətinə Azərbaycanın ehtiyacı yoxdur. Azərbaycan ədaləti və beynəlxalq hüququ təkbaşına bərqərar etməyi bacardı və bütün dünya ölkəmizin gücünü gördü".