25 Aprel 2023 12:23
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsini qurması 44 günlük Zəfər müharibəsinin, ardınca Ağdam, Kəlbəcər, Laçının azad olunmasının, İranla sərhədlərinin bərpasının, daha sonra Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda qazanılan yüksəkliklərin və 11 apreldə möhkəmlənən mövqelərin nəticəsində Vətənin sərhədlərini düşmənə və dünyaya göstərən vahid siyasətin tərkib hissəsidir. Təkcə quru əraziləri deyil, həm də siyasi və mənəvi sərhədlərimiz genişlənir. Halbuki Vətənimizin hüdudları çarizm, Cümhuriyyət, sovetlər və nəhayət, müstəqillik dövründə milli ordumuz vasitəsilə müəyyənləşdirilə və qoruna bilinməyib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, təkcə son 30 ildə deyil, o cümlədən 200 il əvvəl Rusiya və İran savaşında, daha sonra bir əsrdən çox Ermənistanla Qarabağ arasında separatçı birliyə və dağıdıcı müharibələrə səbəb olan həmin yollarda 23 apreldə qurulan inzibati istehkamlar prezidentin, dövlətin, xalqın dəmir iradəsinin simvoludur: "Çünki yalnız gediş-gəlişə və malların baxışına deyil, bir neçə dövlət və beynəlxalq təşkilatın ərazilərimizə düşmən qapısı bağlanır və yeni səhifənin açılır".

Zahid Oruc qeyd edib ki, Ermənistan Üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir: "Halbuki Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan deyil, Avropa Birliyindən gələn silahlı-silahsız məxfi qruplar və casus şəbəkəsi pozub. Sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silahlı qüvvələrinə və Göyçə dağlarında fransız jandarmasına təslim edən bir dövlət gərək toxunulmazlıqdan danışmasın. Türkiyə ilə sərhəddə inşa etdiyi yeni buraxılış məntəqəsi göstərir ki, İrəvana ən təhlükəsiz ölkələr Azərbaycanla Türkiyədir.

Əgər Xankəndində yaşayan ermənilər Konstitusiyamıza uyğun davransalar, tək bir yoldan deyil, eləcə də Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan buraxılış məntəqəsindən də keçib gedə bilərlər. Yol bir deyil, yetər ki, Azərbaycanın bütövlüyünü tanıyasan. Nəzarət məntəqəsinin yaradılması Xankəndidəki hərbi kontraktiklərin sürətlə bölgəni tərk etməsinə və gələn kriminal pulların qarşısını alacaq. Beləliklə, ekofəalların 135 günlük mübarizəsi 44 günlük müharibənin davamıdır və Şərqin, Qafqazın tarixində ilk dəfədir ki, tansksız, topsuz, qansız və itkilərsiz strateji hərbi-siyasi nəticələr qazanıldı. Bu, İlham Əliyevin dəmir və yumşaq gücünün birgə qələbəsidir".

Deputat vurğulayıb ki, indi NATO qüvvələri Cənubi Qafqaza - məhz Ermənistanın İranla sərhədlərinə gəlməyə can atır: "Laçın sərhədlərində qurulan dəmir məntəqə Ermənistandan çox ərazi bütövlüyümüzü tanımayan dövlətlərin qarşısında sipərdir. Bundan sonra Xankəndiyə gəlmək istəyən Ermənistan vətəndaşları ilə Zəngəzurdan Naxçıvana gedən azərbaycanlıların sayı düz mütənasib olmalıdır. Nəhayət, dünən 24 apreldə 1.5 milyon erməninin qətlinin ildönümü adı ilə keçirilən ildönümlərə son qoymaq üçün Azərbaycan dövləti gələcək 108 illik sülhün tək şərtini - qanuni yoldan keçib getməyi təklif edir. Hər halda bu qılıncdan keçmək deyil!


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər