Hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Üzeyir bəy, Azərbaycan Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış postu qurduqdan sonra Rusiya sülhməramlılarının ərazidə olan komandanını dəyişdirməklə bağlı qərar verdi. Baş verənlərlə Rusiyanın bu addımı arasında paralellik aparmaq nə dərəcədə məntiqlidir?
- Hazırda Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlılarının komandanlığının dəyişdirilməsi heç nəyə təsir etməyəcək. Bu faktiki olaraq sülhməramlıların bizim ərazimizə gəlişindən sonra artıq beşinci komandanlığıdır. Rus sülhməramlılarının komdandanlığı içərisində Aleksandr Lentsov Rusiya müdafiə naziri Sergey Şoyquya yaxınlığı ilə tanınır. Sadəcə olaraq onlar real vəziyyəti bilirlər deyə bu cür addımlar atırlar. Çünki yaxın zamanlarda rus generalları üçün bir hərəkət başlayacaq. A.Lentsovu da indiki halda bura göndəriblər ki, ermənilərdən leqal şəkildə pul qazansın. Görünür o da hümanitar yardım adı altında Qarabağdakı separatçılar üçün yüklər daşıyacaq. Sadəcə olaraq ruslar əvvəllər bu yükləri rahat aparıb-gətirirdilər. İndi isə bu yüklər Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət buraxılışından keçməli olacaq. Bunun da adını rus sülhməramlıları üçün ərzaq yardımı qoyacaqlar. Ona görə də, rus sülhməramlılarının Qarabağdakı komandanlığının dəyişdirilməsi Azərbaycanın Laçın-Xankəndi yolunun girişində post qurması ilə əlaqəli deyil. Sadəcə olaraq o getməli idi. Görünür indiki şəraitdə S.Şoyqu da ora öz dostünu yerləşdirmək üçün tələsirmiş. Çünki Andrey Volkovun S.Şoyqu və onun komandası ilə yaxın münasibətləri yox idi. Hətta A.Volkovla bağlı Moskvada elə də xoş fikirlər səslənmirdi. Ona görə də, A.Volkovu dəyişdirdilər. Gözlənilən odur ki, Volkovun da bu yaxınlarda Ukrayna cəbhəsinə göndərilməsi ilə bağlı qərar verilə bilər.
- Sizcə, yeni komandanın gəlməsi ilə bölgədə hansı dəyişikliklər baş verə bilər?
- Sülhməramlıların yeni komandanının gəlməsi ilə nəsə dəyişəcəyinə də ümid etmək olmaz. Ona hansı komanda veriləcəksə bu da həmin göstərişi icra edəcək. Bu göstəriş də vəziyyəti maksimum dərəcədə mürəkkəbləşdirməkdən ibarət olacaq. Sadəcə olaraq yeni komandan gərginlik yaratmaq məsələsində “ustadır”. Köhnə hiyləgərlikləri yaxşı bilən biridir. Hərbi rütbəsinə və tutduğu vəzifələrə görə, o tapşırılan işləri çox “ustalıqla” yerinə yetitib. Bura da onun da mürəkkəb sixemlər düşünüb tətbiq etmək üçün göndərildiyi şübhəsizdir.
- İndiki halda Azərbaycan sülhməramlılara üçün hansı xətti üzrə fəaliyyət imkanı yaradacaq?
- Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət postu orada qurulduqdan sonra ərazidə xeyli dəyişikliklər olacaq. Amma ümumilikdə oradakı postumuz ətrafında gərginliyin olması da mümkündür. Çünki hələ də bizim ərazimizdə separatçılar qalıb. Sülhməramlılar da onlara havadarlıq edir. İran və Fransa da onlara arxa-dayaq olmağa çalışır. Bütün bunların fonunda isə onların Azərbaycan ərazisinə nəyisə aparıb-gətirmək imkanları olmayacaq. Əvvəlki dönəmdə bu onların əllərində idi. Nə istəyirdilər gətirib-aparırdılar. İndi isə bu imkan yoxdur. Ona görə də, ərazimizə qeyri-qanuni sialh-sursatın daşınması, separatçılara edilən dəstək əvvəlki qaydalarla olmayacaq.
- Laçın-Xankəndi yolunun girişində post qurulduqdan sonra Qarabağ ermənilərinin və separatçıların kənarla əlaqəsi kəsilib. Amma yenə də onların çıxışı üçün gizlin yolların olduğu deyilir. Belə bir ehtimal varmı? İki ölkə arasında sərhədlər tam dəqiqləşmədiyi üçün bu amili necə dəyərləndimrək olar?
- Faktiki olaraq Qarabağda olan separatçılar üçün heç bir alternativ yol qalmayıb. Artıq Dövlət Sərhəd Xidmətinin Komandanlığı ərazidə bu cür hallara qarşı preventiv planlar hazırlayıb. Bu planlar da əraziyə tam olaraq Sərhəd Xidmətinin nəzarətini özündə ehtiva edir. Sözsüz ki, Sərhəd Xidməti, Müdafiə Nazirliyi ilə birlikdə bölgəyə tam nəzarəti həyata keçirəcək.
- Qarabağda qalmaqda olan qanunsuz silahlıların aqibəti necə olacaq?
- Heç bir halda Azərbaycan ərazisində kimsə qanunsuz silahlı birləşmə və silah-sursat saxlaya bilməz. Yaxın vaxtlarda Azərbaycan tərəfi onlara son çağırışını edəcək. Bir-iki günə bu adamlar silahlarını təhvil verməlidir. Qarabağa aidiyyatı olanlar burada qalmaq istəsələr onlar üçün şərait yaradılacaq. Çıxıb getmək istəyənlərə isə post vasitəsi ilə ölkəmizin ərazisini tərk etmək imkanı yaradılacaq. Azərbaycan dövləti çox qısa zamanda bölgəyə aidiyyatı olmayan şəxslərin ərazidən çıxışına nail olacaq. Bununü üçün rus sülhməramlılarının bölgəni tərk etməsi vaxtını da gözləməyəcəyik. Bir həftə-on günə bu hadisə baş verəcək. Çünki qeyri-qanuni silahlı birləşmələr silahlarını təhvil verməlidir. Bunun əksinə olacaq bütün hallara qarşı Azərbaycanın güc strukturları zəruri addımlar atacaq.