27 Aprel 2023 10:50
9 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Teleqraf.com həmin müsahibəni təqdim edir:

-Qüdrət bəy, Qərbdən yönləndirilən şəxslərin Laçında dövlət sərhədlərimizin bərpa olunmasına münasibəti sizi qane etdimi?

-Bilirsiniz, uzunmüddətli uğursuzluq həmin düşərgədə təmsil olunan bir çoxlarını mənəvi baxımdan aşındırıb şikəst edib, bəzilərini ekstremizmə yuvarladıb. Mənsəbpərəstlik, hakimiyyət və maliyyə hərisliyi onları xarici güclərdən tam asılı vəziyyətə salıb. Öləzimiş olsa da onların da qəlblərinin dərinliyində bir milli təəssübkeşlik rüşeymi olduğunu düşünürəm. Ona görə də sərhədlərimizin bərpa olunması haqqında məlumat yayılan kimi dərhal sevinclə reaksiya verdilər ki, hökumət axır ki, biz dediklərimizi etdi. Amma xaricdən tapşırıq gəldi ki, nə danışırsınız, siz bunu Rusiyanın tapşırığı ilə atılan, Qərblə razılaşdırılmadığı üçün milli maraqlara zidd, uğursuz bir addım kimi təqdim etməlisiniz. Bundan sonra "fitçilər" də dərhal valı dəyişdilər. Qorxuram biz Xankəndi üzərində dövlət suverenliyini bərpa edəndə də bunlar desin ki, sevinməyin İlham Əliyev bunu Rusiyanın tapşırığı ilə edib. Bu qaraguruh bir az sifətini qoruyub saxlamaq üçün fərqli mövqe sərgiləyən həmin düşərgənin öncüllərindən birini belə dərhal ağır təhqir etməyə başladı.

-Qüdrət bəy, həmin düşərgənin Türkiyədəki seçkilərə münasibəti barədə nə deyə bilərsiniz? Ərdoğanın məğlubiyyəti Azərbaycanda sabitliyə təsir edə bilərmi?

-Onlar Qərbdən yönləndirildiyindən müstəqil siyasət yürüdən, ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycanı birmənalı dəstəklədiyi üçün Ərdoğanı sevmirlər və onun əleyhinə açıq kampaniya aparırlar. Onlar Azərbaycanın qələbəsinin iqtidarı da gücləndirdiyinin fərqindədirlər və buna görə çox pərişandırlar. Düşünürlər ki, Ərdoğan seçkilərdə məğlub olarsa, qərbyönümlü birisi iqtidarın nüfuzunu artıracaq heç bir məsələdə Azərbaycana dəstək olmayacaq, onların isə Azərbaycanda mövqelərinin güclənməsinə öz təxribatları ilə kömək edəcək. Hətta iqtidarı müdafiə edən "çevik" karyeristlər belə Ərdoğanın məğlub olma ehtimalını nəzərə alıb mövqelərinə yenidən baxırlar. Amma ümid edirəm indiki mərhələdə, sosial çətinliklərə baxmayaraq, Türkiyə vətəndaşları Ərdoğanı müdafiə edəcək. Həm Türkiyə, həm Azərbaycan vətəndaşları fərqindədirlər ki, ölkələrimiz öz tarixinin elə bir şanlı keçid dövrünü yaşayır ki, liderlər başlatdıqları işi sona çatdırmalıdırlar. Ona görə Azərbaycanda sabitliyin pozulması ehtimalı yoxdur. İki qardaş ölkə arasında elə bir münasibətlər formalaşıb ki, hətta Ərdoğan məğlub olsa belə Türkiyənin Azərbaycana münasibətinin ciddi şəkildə dəyişəcəyini düşünmürəm. Ərdoğana qarşı Qərbin, türk və müsəlman düşmənlərinin, seperatçıların birləşməsinə rəğmən onun qalib gələciyinə inanıram.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər