Dövlətin əsas atributlarından olan bayrağımızın Həkəri çay üzərində qaldırılması çox əlamətdar hadisədir. Çünki Azərbaycan-Ermənistan sərhədində birinci postdur. Sovet dönəmində Qarabağ Muxtar Respublikası yarananda post yox idi.
Bu sözlərinə Teleqraf.com-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O xatırladıb ki, Ermənistan silahlı qüvvələri həmin əraziləri işğalına Vətən müharibəsində qələbədən sonra son qoyuldu və Laçın dəhlizi ərazisində Rusiya sülhməramlı kontingenti yerləşdi: “Sərhəd məntəqəmiz harada varsa, bayrağımız orada dalğalanmalıdır. Sərhəd-nəzarət mexanizmi işə salınıb və 103 il sonra bayrağımızın Laçın dəhlizinin başlanğıcında dalğalanması bizə sevinc hissi verir. Gələcəkdə Laçın dəhlizini aparan yolda Xankəndidə də dalğalanacaq. Nəzarəti dəhlizin bşlanğıcında təmin etmişik, üzü Xankəndiyə nəzarətimiz getdikcə güclənəcək”.
Şair Ramaldanov sərhəd postumuzun Ermənistanla sərhəd zonasında qurulmasından sonra da Ermənistanın təxribatlarını istisna etmir: “Ermənistan dövləti hər zaman təxribat törədib və bundan sonra da törədəcək. Ali Baş Komandan İlham Əliyev öz çıxışlarının birində qeyd edib ki, Ermənistanla sülh müqaviləsi bağlanandan sonra da daim hazır vəziyyətdə olmalıyıq. Çünki bu ölkədən hər şey gözləmək olar. İl yarımdır düşmən üzərində qələbə çalsaq da Ermənistan hələ də sülh müqaviləsi bağlamaqdan boyun qaçırır, delimitasiya-demarkasiya, üçtərəfli bəyanatın dördüncü bəndində qeyd olunan erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycandan çıxarılması məsələsi hələ də yerinə yetirilməyib. Düşmənçilik mövqeyindən əl çəkməyiblər, üstəlik Ermənistan hərbi-siyasi rəhbərliyi müstəqil deyil və müəyyən qüvvələrin təsiri altında onların sifarişini yetirə yetirirlər. Cənubi Qafqazda bu və ya digər səbəbdən müəyyən gərginlik törətmək və münaqişə yaratmaq istəyən qüvvələrdir. Ona görə də təxribatlar ola bilər. Ermənistanın daxilindəki revanşist qüvvələr və onların xaricdə olan havadarları bilməlidirlər ki, təxribat olarsa, Azərbaycan adekvat cavab verməyə hazırdır”.