“Ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda 138 gündür davam edən aksiyası qarşıya qoyulan məqsədə çatdı. Gənclərimiz sözün əsl mənasında tarix yazdılar. Aksiya iştirakçılarının səyi və tələbi əsasında Qarabağda erməni separatizminin qarşısı əsaslı şəkildə alındı, ekoloji terror müəyyən qədər dayandırıldı. Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması keçirilən aksiyanın əsas tələblərindən birinin reallaşması idi”.
Bunu saytımıza açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Laçın-Xankəndi yoluna nəzarətin olunmaması Ermənistandan Qarabağa silah-sursat daşınmasına, separatçılığın qızışdırılmasına səbəb olurdu: “Nəzarətsiz ərazilərdə ermənilər ordumuza qarşı bir neçə dəfə təxribat da törətmişdilər. Azərbaycan dövləti buna susqun qala bilməzdi. Ekofəallar Laçın-Xankəndi yolundakı aksiyada Azərbaycan cəmiyyətinin mesajını həm dövlətə, həm də beynəlxalq alımı çatdıra bildi. Ümumiyyətlə, aksiyanı uğurlu hesab etmək olar. Həmin gənclər Azərbaycan dövlətinin maraqlarını çox şərəflə ifadə etdilər. Onlar cənab Prezidentin yürütdüyü siyasətə dəstəklərini göstərdilər. 44 günlük Vətən Müharibəsində əlinə silah alıb vətənin müdafiəsinə qalxan gənclərimiz müharibə bitəndən sonra öz mübarizələrini siyasi, ictimai müstəvidə davam etdirdilər. Amma yayılan bəyanatdan da görünür ki, aksiya hədəfə tam olaraq çatmayıb. Etirazçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar”.
Politoloq qeyd etdi ki, 138 gündür ki, gecə-gündüz aksiya keçirən fəallar, gənclər çox möhtəşəm etiraz forması ortaya qoydular. Minlərlə iştirakçının qatıldığı ekoloji aksiyaya cəmiyyətimizdə çox böyük maraq vardı. Ermənilər dinc aksiyanı dünyaya Xankəndinin blokadası kimi təqdim etsələr də, sübut olundu ki, məsələ heç də onların dediyi kimi deyil. Hər gün həmin yoldan yüzlərlə avtomobil maneəsiz Ermənistana gedib-gəlirdi. Bu gün Azərbaycan dövləti, hüquq mühafizə orqanları Laçın-Xankəndi yoluna nəzarət edir. Amma müəyyən problemlər hələ də qalmaqdadır. Söhbət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmamasından gedir. Aksiya iştirakçılarının sülhməramlı kontingentin komandanlığından olunan tələbləri qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa oluna bilər”.
R.Əliyev onu da vurğuladı ki, ekofəallar rus sülhməramlılarının komandanlığının boynuna məsuliyyət qoydular: “Gənclər Qarabağdakı müəyyən qüvvələrə göstərdilər ki, Azərbaycan torpaqlarında heç kəs ağalıq edə, özünü qanundan üstün apara bilməz. Biz torpaqlarımızda kimlərinsə qanundankənar hərəkətlərinə göz yuma bilmərik. Azərbaycanda dövlət və ictimai maraqlar vəhdət halındadır. Vətəndaş cəmiyyəti qurumları dövlətimizin siyasətini dərindən anlayır. Dövlət də vətəndaş cəmiyyətinin haqlı tələblərinə biganə qalmır, ona lazımı dəstəyi verir. Vətən müharibəsindəki dövlət,cəmiyyət vəhdəti bu gün də aktualdır”.