1 May 2023 20:54
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Ermənistan sərhədində qurulmuş "Laçın" sərhəd-buraxılış məntəqəsindən yayılan görüntülər rəsmi Bakını Qarabağdakı erməniləri blokadada saxlamaqda ittiham edənlər üçün gözəl cavabdır. Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq qurulan buraxılış məntəqəsinin fəaliyyəti tam şəffafdır. Görüntülərdən də aydın olur ki, oradan keçən ermənilər yaradılmış şəraitdən narazılıq etmirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, "Laçın" sərhəd-buraxılış məntəqəsi hərəkəti heç bir halda məhdudlaşdırmır, əksinə nəzarəti təmin edir: “Sözügedən məntəqədən keçən piyadalar, avtomobillər və onların yükləri peşəkar səviyyədə yoxlanılır. Ermənistandan Azərbaycana gələnlər və əksinə hərəkət edənlər qeydiyyata alınır. Buna görə Azərbaycanı tənqid edən ölkələrdə sərhəd-buraxılış məntəqəsi yoxdur? Onlar vətəndaşların pasportunu yoxlamadan qəbul edir? Narkotik, qaçaqmalçılıq, silah daşınması və s, qanunsuz əməllərin qarşısını almaq, həmçinin Cənubi Qafqazda sülhün təmin edilməsi, regionun təhlükəsizliyi üçün iki ölkə arasında sərhəd-buraxılış məntəqəsinin olması vacibdir. Azərbaycan Qarabağdakı ermənilərə kifayət qədər güzəşt edir. Bu gün yarızarafatla da olsa qeyd edilir ki, Azərbaycanın quru sərhədlərinin açıq olduğu yeganə dövlət Ermənistandır. Yəni Qarabağdakı ermənilər hətta pasportları qaydasında olmasa da belə, Ermənistana getmələrinə icazə verilir”.

R.Alıyev bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə buraxılış məntəqəsinin adının “Laçın-Xankəndi yolunun başlanğıcı" və ya “Laçın dəhlizinin başlanğıcı”nda qurulan sərhəd-buraxılış məntəqəsi kimi tədqim edilməsini doğru hesab etmir: “Biz "Laçın" sərhəd-buraxılış məntəqəsi” ifadəsindən istifadə etməliyik. Nə üçün Xankəndini digər şəhər və rayonlarımızdan fərqləndirməliyik? “Laçın dəhlizi” anlayışını da leksikonumuzdan çıxarmalıyıq. Hesab edirəm ki, Qarabağda yaşayan etnik ermənilər seçimlərini etməlidirlər. Separatizmin tərəfdarı deyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdən çıxıb getməlidirlər” .

Politoloq bildirdi ki, Azərbaycan özünün hər bir addımını beynəlxalq hüquq çərçivəsində atır və Ermənistanı müdafiə edən böyük güclərin qarşısına əsaslandırılmış arqumentlər qoyur: “Bir neçə gün öncə Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan və Ermənistana səfər etdi. Xanım Kolonnaya Bakıda Qarabağdakı son durum və mövcud problemlərin beynəlxalq hüquqa uyğun həlli yolları barədə kifayət qədər geniş məlumat verildi. Təəssüf ki, fransalı nazir İrəvana gedəndən sonra Parisdə yazıb hazırladığı qərəzli mətnini oxudu və haqsız olduqları halda erməniləri müdafiə etdi. Biz bu gün Rusiya tərəfindən də ermənilərə xoş gəlmək üçün edilən çıxışlara rast gəlirik. Eyni zamanda Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyan arasında müzakirələr başlayıb. Bu görüş Azərbaycan üçün çox əhəmiyyətlidir. Ermənistan hər vəchlə rəsmi Bakını hansısa güzəştə razı salmaq istəyir, ermənilər üçün müəyyən imtiyazlar əldə etmək istəyir. Hesab edirəm ki, rəsmi Bakı yenə də heç bir güzəştə getməyəcək. Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenlik əsasında sülh müqaviləsinin bağlanması bizim üçün çox vacibdir".

R.Alıyevə görə, Azərbaycanla Ermənistan arasında Bakının irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsi bağlanarsa, ölkəmizə, Cənubi Qafqaza uzanan əllər tədricən geri çəkiləcək: “Ondan sonra Azərbaycan Qarabağdakı bütün yaşayış məntəqələri üzərində suverenliyini, nəzarətini tam bərpa edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər